Aİ Azərbaycanla əməkdaşlığı gücləndirir
    • 4-05-2023, 20:15
    • 293

Aİ Azərbaycanla əməkdaşlığı gücləndirir

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.

News24.az xəbər verir ki, bu məsələ mayın 3-də Brüsseldə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında müzakirə edilib.

İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib.

Bildirilib ki, görüş iştirakçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələləri və regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər.

Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub.

“Aİ Azərbaycanla xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış hazırkı çətin beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və sabitlik naminə işləməyə hazır olduğunu təsdiqləyib. Aİ sabit və dinc Cənubi Qafqazın dəstəklənməsinə töhfə vermək məqsədini rəhbər tutur. Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməkdir. Aİ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yardımı ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla, sülh prosesini dəstəkləməyə hazırdır”, - E.Mora bildirib.

Hikmət Hacıyev Azərbaycanın Aİ-nin regionda etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Üstəlik, Azərbaycan regionda sülh və sabitliyi fəal şəkildə təşviq edir, terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə dəstək göstərir”.

O xatırladıb ki, hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş miqyasda yenidənqurma və humanitar minatəmizləmə işləri aparır: “Biz minatəmizləmə sahəsində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan Ermənistana ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüslərini, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin köməyi ilə Brüssel sülh prosesini dəstəkləyir”.

Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələri hər iki tərəf və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.