Ombudsmandan mina partlayışı ilə bağlı çağırış
    • 21-06-2024, 15:52
    • 4 432

Ombudsmandan mina partlayışı ilə bağlı çağırış

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.

News24.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib. O bildirib ki, son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.

Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.

Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir