Vətən Müharibəsində şəhid olan Arəstə Baxışova KİMDİR? - DOSYE
    • 22-06-2024, 19:49
    • 1 103

Vətən Müharibəsində şəhid olan Arəstə Baxışova KİMDİR? - DOSYE

Son günlər sosial şəbəkələrdə 2020-ci il Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında yardım göstərərkən şəhid olan Arəstə Baxışova barəsində müzakirələr dolanır.

News24.az bütün bunları nəzərə alaraq qəhrəman şəhidimiz Arəstə Baxışova barəsində maraqlı məlumatları təqdim edir:

Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.

Arəstə Baxışovaya və onun timsalında bütün şəhidlərimizə Allahdan Rəhmət, yaxınlarına səbr diləyirik!

Müəllif: Aqil Qarayev