Bakının kanalizasiya şəbəkəsi 2040-cı ilədək düzələcək? - Baş planda nəzərdə tutulan İŞLƏR
    • 23-10-2024, 12:34
    • 248

Bakının kanalizasiya şəbəkəsi 2040-cı ilədək düzələcək? - Baş planda nəzərdə tutulan İŞLƏR

Ötən gün Bakı şəhəri ərazisinə yağan güclü yağış paytaxtda bəzi problemlər yaratdı. Tullantı su xətləri və kollektorlar yağış sularına tap gətirmədiyindən bəzi yollar, keçid və tunellər, həyətyanı ərazilər subasmaya məruz qaldı.

Mütəxəssislər deyirlər ki, son illər Bakı şəhərinin genişlənməsi, əhali sayının sürətlə artması mühəndis-kommunikasiya infrastrukturu ilə tərs mütənasibdir. Yəni kanalizasiya və kollektorlara axıdılan tullantı suları normadan dəfələrlə çoxdur. Mütəxəssislər bu sahədə əsaslı dəyişikliklərin həyata keçirilməsini təklif edirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış vəziyyətlə əlaqədar bildirib ki, "Bakı şəhərinin Baş planı - 2040" sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub.

"Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin", - qurum bəyan edib.

Bəs "Bakı şəhərinin Baş planı - 2040"da əsas mühəndis-kommunikasiya şəbəkəsi, xüsusilə su təchizatı və kanalizasiya şəbəkəsi üzrə hansı işlər nəzərdə tutulur?

Modern.az "Bakı şəhərinin baş planı - 2040"da bu məsələyə dair görülməsi planlaşdırılan işlərin siyahısını təqdim edir. Sənəddə bildirilib:

- 2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,080 milyon kubmetr səviyyəsindən 1,109 milyon kubmetrədək yüksəlməsi ehtimal olunur;

- Su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarlarının və magistral su xətlərin inşası nəzərdə tutulur;

- İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır;

- Hazırda Bakı şəhərində məskunlaşmış əhalinin 72%-ə qədəri mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub, bu sistemə axıdılan tullantı sularının bir hissəsi, yəni gün ərzində 581 kubmetr su təmizlənərək Xəzər dənizinə buraxılır;

- Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını artırmağa imkan verəcəkdir;

- Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 171 milyon kubmetrə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq.