Dəmir yolunda gediş haqqı artırılacaq? – AÇIQLAMA
    • 1-07-2024, 11:26
    • 295

Dəmir yolunda gediş haqqı artırılacaq? – AÇIQLAMA

İyulun 1-dən etibarən bir sıra ictimai nəqliyyat növlərində gediş haqları artırılıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Bəs Azərbaycan Dəmir Yollarında necə, gediş haqlarında artım olacaqmı?

News24.az bildirir ki, məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları üçün gediş haqlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

- Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;

- Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.