DİQQƏT!!! Bu çimərliklərdə virus və bakteriyalar var
    • 2-07-2024, 17:23
    • 562

DİQQƏT!!! Bu çimərliklərdə virus və bakteriyalar var

"Dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə hər il Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən dəniz suyunun analizi olunur və monitorinqlər aparılır".

Bu sözləri News24.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Həkim çimərliklərdə olan virus və bakteriyalardan danışıb:

"Analizlərdə əsas 2 göstərici istifadə olunur: koli titri və koli indeksi. Bu göstəricilərin normaya uyğun olmaması dəniz suyunun daha çox kanalizasiya sistemi ilə çirkləndiyini göstərir. Təbii ki, belə sularda çimmək olmaz". 

Həkim qeyd edib ki, Bakı kəndləri istiqamətində dəniz suyunun keyfiyyəti daha yaxşıdır:

"Yəni, orada su daha təmiz olur. Amma Şıxov çimərliyi istiqamətində və bu ərazilərdə dəniz suyunun daha çirkli olduğunu görürük. Belə dəniz sularında çimmək olmaz, çünki daha riskli hesab olunur. Ən əsası isə müxtəlif xəstəliklərə yoluxma ehtimalımız var. Yəni koli titri və koli indeksinin yüksək olması onu göstərir ki, dəniz suyu kanalizasiya sistemi ilə daha çox çirklənib. Orada E.Koli bakteriyaları və virusların miqdarı çoxdur. Və belə halda yoluxma ehtimalı yüksəkdir. Müxtəlif mədə-bağırsaq xəstəlikləri, ürək bulanma, qusma, ishal, hətta bəzən temperatur yüksəlməsi ilə müşahidə olan xəstəliklər ola bilər. Ona görə də, belə dənizlərdə çimmək düzgün deyil. Bu su uşaqlar və yaşlılar üçün daha təhlükəli hesab olunur. Çünki onların immun sistemi daha zəif olduğu üçün sözü gedən bakteriya və viruslar daha ağır xəstəliklər törədə bilər",- deyə infeksionist əlavə edib.

M.Əliyev bundan əlavə günəşdən qorunmağın vacibliyini də vurğulayıb:

"Onu da bildirmək istəyirəm ki, insanlar daha çox günortalar çimərliyə getdiyi üçün onlarda günəşə məruz qalma, günəşdən yanma kimi hallar daha yüksək olur. Bu da öz növbəsində dəri xəstəliklərinə, hətta dəri xərçənginə səbəb olur. Buna görə də axşam saatlarında getmək daha məqsədə uyğundur",- deyərək həkim fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı