"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI
    • 4-07-2024, 13:15
    • 465

"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra dövlət ittihamçısı Əhməd Əhmədovun anlaqsız olması barədə ekspertiza rəyini açıqlayıb.

Məhkəmədə hakimin suallarını cavablandıran Əhməd Əhmədov bildirib ki, qətl hadisəsini özü törədib və özünü ittihamlarda təqsirli bilir: "Qətli mən törətmişəm. İttihamları qəbul edirəm. İfadə vermək istəmirəm".

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.