-
- 10-07-2024, 19:55
- 4 224
Övladlığa götürmənin gizli saxlanması necə təmin olunur?
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.
Hakim qeyd edib ki, övladlığa götürmənin sirri qanunla mühafizə olunur:
"Övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərindən bu barədə çıxarışlar, şəhadətnamələr və ya arayışlar vermək qadağan edilir. Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Müvafiq icra hakimiyyəti orqanı uşağı övladlığa götürən şəxslərə 4-6 yaşında olan övladlığa götürülən uşağa psixoloqun və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququna malikdir. Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir (130 m)".
Hakim onu da deyib ki, Cinayət Məcəlləsinin 175-ci maddəsinə görə, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulub.//ölkə.az