Bakıda "Youthvision 2019" baş tutdu - FOTO - VİDEO
    • 25-05-2019, 18:10
    • 1 123

Bakıda "Youthvision 2019" baş tutdu - FOTO - VİDEO

Ötən gün “Eelektra Event Hall”da “Youthvision 2019” mahnı müsabiqəsi keçirilib.

News24.az xəbər verir ki, 20 ölkədən iştirakçıların qatıldığı müsabiqədə Azərbaycanı Nadir Rüstəmli təmsil edib.

Tədbir yarışmaya qatılan ölkələrin təmsilçilərinin “Sarı gəlin” xalq mahnısını ifa etdiyi videoçarxla başlayıb. Daha sonra isə səhnəyə ötən ilin qalibi Uqanda təmsilçisi dəvət olunub. Onun ardınca isə Azərbaycan, Almaniya, Qırğızıstan, Belarus, Çexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portuqaliya, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva və Monteneqrodan olan iştirakçılar mahnılarını ifa ediblər.

“Youthvision 2019” beynəlxalq mahnı müsabiqəsi haqda Gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verərkən bunları deyib:

“Ənənəvi olaraq Azərbaycanda “Youthvision” beynəlxalq mahnı müsabiqəsi keçirilir. Əslində bu müsabiqənin keçirilməsində gənclərimizin təşəbbüskarlığına təsir edən məqam bizim “Eurovision” mahnı yarışmasında fəal iştirakımız olub. Qaydalar, şərtlər demək olar ki, eynidir. Fərq isə “Eurovision”a sırf Avropa ölkələri qatıla bilir, lakin “Youthvision”da dünyanın hər tərəfindən iştirak edə bilərlər. Bu yarışma beynəlxalq layihəsdir və hımçinin Azərbaycan həqiqətlərinin təbliğinə xidmət edən layihədir”.

Müsabiqədə hər ölkəni bir münsif təmsil edib. Münsiflər heyətinin üzvləri öz ölkələrinin təmsilçiləri istisna olmaqla digər iştirakçıların hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verib. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazanıb.

Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri Ukrayna, ikinci yeri Azərbaycan, üçüncü yeri isə İtaliya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.

Xatırladaq ki, 2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin beynəlxalq mahnı müsabiqəsinin əhatə dairəsi 2016-cı ildən genişləndirilərək gəncləri də əhatə edib və “Youthvision” adlandırılıb. Ötən il keçirilən “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub. Ötənilki müsabiqənin iştirakçıları tərəfindən səsləndirilən Azərbaycanın dövlət himninin videoçarxı sosial şəbəkələrdə nümayiş olunub və böyük maraqla qarşılanıb. Həmin müsabiqədə ilk üç yerə müvafiq olaraq Uqanda, Moldova və Belarus təmsilçisi layiq görülüblər.