Nazir İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edib
    • 30-05-2019, 17:57
    • 962

Nazir İnam Kərimov Lənkəranda vətəndaşları qəbul edib

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi Lənkəran, Astara və digər rayonlardan olan 86 vətəndaşı qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

Bu barədə News24.az-a Nazirlikdən məlumat verilib bildirilib. 

Məlumata görə, nazir İnam Kərimov Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasına baş çəkərək burada yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb, daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 58 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. 

Bu gün həmçinin nazir müavini İlham Quliyev Masallı DAİM-də, digər nazir müavini Seyfəddin Talıbov isə Cəlilabad DAİM-də vətəndaşları qəbul ediblər. Masallıda 18, Cəlilabadda isə 10 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciətləri dinlənib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.