-
- 30-07-2024, 16:03
- 298
3000 illik kütləvi məzarlıq: Qızıl xəzinəsi tapıldı
Misirin Aralıq dənizi sahilindəki Yeni Damietta şəhərindəki Tel əl-Deir nekropolunda 63 kerpiç məzar və bəzi qəbirlər aşkar edilib.
News24.az xəbər verir ki, ölkənin Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada məzarların eramızdan əvvəl 664-332-ci illər arasında yaşamış Qədim Misirin Son Dövrünə aid olduğu açıqlanıb.
Tədqiqatçılar yüksək sosial təbəqədən görünən insanların dəfn olunduğu "böyük" qəbirlər tapdıqlarını açıqlayıblar. Arxeoloqlar həmçinin dini simvol və fiqurlara bənzər müxtəlif formalı qızıl yarpaqlı artefaktlar kolleksiyası tapıblar.
Qeyd edək ki, onların fikrincə, bu xarabalıqlar qədim misirlilərin Tunc dövrünə aid həyatını və Damiettanın xarici ticarət səylərini aşkar edə bilər.
Qazıntı zamanı saxsı qablar, bir qrup yerli və xaricdən gətirilən keramika artefaktları, o cümlədən son Ptolemey dövrünə aid onlarla tunc sikkələr aşkar edilib.
Bildirilib ki, saxsı qablar, ehtimal ki, başqa şəhərlərlə dəyişdirilib. Burada tapılan 38 sikkə Makedoniyalı İskəndərin sərkərdələrindən birinin nəslinin Misiri idarə etdiyi Ptolemey dövrünə (e.ə. 304-30-cu illər) aiddir. Bildirilib ki, bu sikkələrin üzərində həm qədim yunan, həm də Misir tanrılarının təsvirləri həkk olunub.
Günel Məlikzadə