-
- 2-08-2024, 20:35
- 686
X və Y nəsilləri diqqətli olsunlar! - Xərçəngə tutulma riskləri daha yüksəkdir
ABŞ-da aparılan araşdırmalara görə, 1965-1980-ci illər arasında doğulmuş "X nəsli" və 1981-1996-cı illərdə doğulan "Y nəsli" əvvəlki nəsillərə nisbətən daha yüksək xərçəng riskinə malikdir.
News24.az Medicina.az-a istinadla xəbər verir ki, “The Lancet Public Health” jurnalında dərc olunan araşdırma çərçivəsində Amerika Xərçəng Cəmiyyətinin alimləri 2000-ci ildən 2019-cu ilə qədər 34 növ xərçəng diaqnozu qoyulmuş, 25-84 yaş arasında olan 23 milyondan çox xəstənin məlumatlarını təhlil ediblər.
Tədqiqatçılar X və Y nəsillərinin əvvəlki nəsillərlə müqayisədə döş, mədəaltı vəzi və mədə xərçəngi də daxil olmaqla, 17 xərçəng növünə tutulma riskinin artdığını müəyyən ediblər.
Bundan əlavə, 1920-ci ildən bəri hər nəsildə 17 xərçəng növündən 8-nin riskinin tədricən artdığı müəyyən edilib.
Tədqiqat çərçivəsində 1990-cı ildə doğulanlarda yumurtalıq xərçəngi riskinin yaşlı insanlara nisbətən 12 faiz, uşaqlıq yolu xərçəngi riskinin isə 169 faiz daha yüksək olduğu diqqət çəkib.
Tədqiqatçılar, həmçinin 1990-cı ildə doğulanlarda mədəaltı vəzi, böyrək və nazik bağırsaq xərçənginə tutulma nisbətinin də 1955-ci ildə doğulanlara nisbətən 2-3 dəfə çox olduğunu bildiriblər.
Araşdırmanın müəlliflərindən olan Əhmədin Cemal bu nəticələrin X və Y nəsillərində artan xərçəng riskinin səbəbləri və həll yollarının tapılmasının vacibliyini vurğuladığını qeyd edib.
"Dövlət səviyyəsində effektiv müdaxilələr edilməzsə və gənc əhalidə xərçəng riski insanlar qocaldıqca gələcəyə daşınarsa, xərçəngə qarşı onilliklər ərzində əldə etdiyimiz irəliləyişləri dayandıracaq və ya geriyə getməyimizə səbəb olacaq bir “xərçəng epidemiyası” ilə üzləşə bilərik”, - deyə tədqiqatçı xəbərdarlıq edib.