Türkiyədə Olimpiya çempionlarına qızıl sikkələr veriləcək
    • Bu gün, 19:28
    • 45

Türkiyədə Olimpiya çempionlarına qızıl sikkələr veriləcək

Türkiyə mətbuatı “Paris-2024” Olimpiya Oyunlarının qaliblərinə ölkələrin verdiyi mükafatlar arasında paralellər aparıb.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, Türkiyə yığmasından Olimpiadada qızıl medal qazanan idmançıların hər birinə rəsmi olaraq min ədəd Türkiyə Respublikasının qızıl sikkəsi veriləcək. Mükafatın ümumi bazar dəyəri 17,5 milyon türk lirəsi və ya təxminən 530 min ABŞ dollarıdır.

Gümüş Olimpiya medalı idmançıya ümumi dəyəri 10,5 milyon türk lirəsi və ya 315 min dollar olan 600 qızıl sikkə qazandıracaq.

Nəhayət, bürünc medalı qazanan 300 qızıl sikkə alacaq (5,3 milyon türk lirəsi və ya təxminən 158 min dollar).

NTV telekanalı Parisdən hazırladığı reportajda bildirib ki, Almaniyadan Olimpiya qızıl medallarının sahibləri rəsmi olaraq 22 min ABŞ dolları alırlar. Polşada Olimpiya qızılına görə 25 min dollar, Cənubi Koreyada 45 min dollar, İspaniyada 102 min dollar, İndoneziyada 300 min dollar, ABŞ-də 38 min dollar ödənilir.

Türkiyəni Paris Olimpiadasında 54-ü qadın olmaqla 101 idmançı təqdim edir.

Avqustun 2-nə olan məlumata görə, Türkiyə komandasının aktivində bir gümüş və bir bürünc medal var.