-
- 8-08-2024, 12:19
- 288
“Hizbullah İrandan əvvəl İsrailə hücum edəcək”
İranın İsrailə qarşı başlatması gözlənilən genişmiqyaslı hücumun nə vaxt baş verəcəyi maraq doğurub. Gərginliyin azaldılması üçün dünyanın hər yerindən, xüsusən də ABŞ-dan çağırışlar edilməsinə baxmayaraq, bölgədə münaqişələrin yayılması ilə bağlı narahatlıqlar var.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, adlarını açıqlamayan ABŞ rəsmiləri Politico-ya bildiriblər ki, ABŞ prezidenti Co Bayden administrasiyası Yaxın Şərqdəki müttəfiqləri ilə İranı öz planlarını yenidən qiymətləndirməyə məcbur etmək üçün işləyir. Rəsmilər “İranın İsrailə qarşı genişmiqyaslı hücumu yenidən nəzərdən keçirə biləcəyini” iddia edib. Bildiriblər ki, İrana HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə reaksiyasını yenidən nəzərdən keçirmək barədə xəbərdarlıq edilib, çünki insidentdə heç bir iranlı həlak olmayıb.
Rəsmilər Tehran administrasiyasının İsrailə cavab verəcəyinə inandıqlarını, lakin bu cavabın dərhal deyil, ölçülüb-biçiləndən sonra ola biləcəyini bildiriblər.
Onu da bildirək ki, ABŞ-ın CNN telekanalı mövzu ilə bağlı 2 mənbəyə əsaslanaraq verdiyi xəbərdə İranın İsrailə gözlənilən cavabından asılı olmayaraq Hizbullahın hərəkətə keçəcəyini iddia edib.
Mənbələrdən biri Hizbullahın İrandan daha sürətli hücuma hazırlaşdığını və yaxın günlərdə hücuma keçməyi hədəflədiyini bildirib. İkinci mənbə isə bildirib ki, Hizbullah heç bir siqnal olmadan hücuma keçə bilər, çünki İrandan fərqli olaraq Livan İsraillə həmsərhəddir. O qeyd edib ki, İran və Hizbullahın potensial hücumla bağlı əməkdaşlıq edib-etməyəcəyi aydın deyil.
Məryəm İlhamqızı