-
- 12-08-2024, 21:08
- 527
Alimlər iştahı azaltmağın yeni üsulunu kəşf etdilər
Koreyanın Seul Milli Universitetinin alimləri təsadüfi səs-küylə (tRNS) transkranial elektrik beyin stimulyasiyasının iştahı azaltmağa kömək etdiyini aşkar ediblər.
News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə Koreya Elektrik Mühəndisliyi Araşdırma İnstitutunun (KERI) saytında məlumat verilib.
Araşdırmada koreyalı tədqiqatçılar piylənmə üçün alternativ müalicə üsullarını tapmağa çalışıb. Onlar baş dərisi vasitəsilə beyin qabığının elektrik stimullaşdırılmasından istifadəni araşdırıblar.
Yeni üsul "transkranial təsadüfi səs-küyün stimullaşdırılması" (tRNS) adlandırılıb. Tədqiqat qadın könüllülər üzərində sınaqdan keçirilib.Tədqiqatda ümumilikdə 60 respondent iştirak edib. Onların yarısı tRNS texnikasından istifadə edərək beyin stimullaşdırılması, qalan iştirakçılar isə saxta prosedurdan keçiblər. Araşdırma zamanı 20 dəqiqə ərzində iki milliamperlik güclə hiss olunan cərəyan tətbiq edilib. Nəticələr göstərib ki, beyninə elektrik cərəyanı ötürülən qrupdakı respondentlərin iştahı digər qrupa nisbətən daha effektiv şəkildə azalıb.
Tədqiqat qısa müddətdə davam etdiyi üçün uzunmüddətli kilo itkisi qeydə alınmayıb. Alimlər yeni texnologiyanın effektivliyini müəyyən etmək üçün yeni, uzunmüddətli təcrübələrə başlamağı planlaşdırıblar.