Alzheimer xəstəliyinin yeni səbəbləri aşkar edildi
    • 25-05-2024, 14:42
    • 529

Alzheimer xəstəliyinin yeni səbəbləri aşkar edildi

Alimlər tək canlı beyin hüceyrələrini öyrənmək üçün yeni texnikadan istifadə ediblər. Ayrı-ayrı neyronların elektrik aktivliyini və onların içərisindəki zülalların konsentrasiyasını ölçməklə, demansla əlaqəli yeni molekullar tapdılar. Nəticələr Alzheimer xəstəliyinin müalicəsi üçün yeni yanaşmaların əsasını təşkil edə bilər. 

News24.az xəbər verir ki,tədqiqat Advanced Science (Adv. Sci) jurnalında dərc olunub.

Əvvəlki araşdırmalar göstərib ki, Alzheimer xəstəliyində beyindəki bəzi sinir hüceyrələri həddindən artıq aktivləşir. Onlar sağlam insanlardan daha güclü elektrik siqnalları göndərirlər və bunu daha tez-tez edirlər.

Alimlər yeni işdə tək hüceyrənin elektrik aktivliyini ölçə bilən üsul hazırlayıblar. Onlar bu göstəricini sağlam və xəstə hüceyrələrdə müqayisə ediblər. Alimlər həmçinin sinir hüceyrələrində 2250-dən çox zülalın səviyyəsini qiymətləndiriblər.

Qeyd edək ki, Alzheimer xəstəliyində 50-yə yaxın zülalın həddindən artıq aktiv sinir hüceyrələri ilə əlaqəsi var. Onlardan bəziləri daha əvvəl Alzheimer xəstəliyi tədqiqatçılarının diqqətini çəkməyib. Aşkar edilmiş molekullar sinir hüceyrələrinin bir çox funksiyalarında, o cümlədən enerji mübadiləsində və iltihabda iştirak edir.

Yeni məlumatlar elm adamlarına Alzheimer xəstəliyi üçün hüceyrələrin hiper həyəcanlılığına təsir edəcək potensial dərmanlar tapmağa imkan verəcək. Müəlliflər hesab edirlər ki, onların hüceyrələrin öyrənilməsinə yanaşması təkcə demensiyanın deyil, həm də digər xəstəliklərin müalicəsində inqilab yarada bilər.

Günel Məlikzadə