Azərbaycanda "Şəhərdən Kəndə” layihəsinə start verildi
    • 4-06-2019, 11:04
    • 711

Azərbaycanda "Şəhərdən Kəndə” layihəsinə start verildi

Kənd Təsərrüfatı yanında “Dövlət AqraTicarət Şirkəti” MMC Azərbaycanda aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verib. 


News24.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov tədbirdə deyib. O qeyd edib ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır: «Bu gün regionlarda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır: “Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Regionların sosial-iqtisadi inkişafı istiqamətində Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Kənddən Şəhərə” kimi bir neçə sosial yönümlü layihələri uğurla həyata keçiririk”.


Nazirin sözlərinə görə, qeyri-neft sektorunun digər prioritet sahələrindən biri də turizmdir: “Azərbaycan böyük turizm potensialına malikdir və ölkəmizə gələn turistlərin sayı ildən ilə artır. Onlar təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaqdır. Bu səbəbdən biz tərəfdaş qurumlarımız ilə birgə “Şəhərdən Kəndə” adlı aqrar turizm layihəsini həyata keçirmək qərarını verdik”.

İ.Kərimov onu da bildirib ki, sözügedən layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir:

“Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək. Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur.

Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək. Yerli və əcnəbi turistlər istirahət etməklə yanaşı, kənd təsərrüfatı məhsullarını yerində almaq imkanı qazanacaqlar: "Layihə həm də şəhər əhalisinin aqrar sahəyə marağını artırmağa xidmət edəcək. Bu layihə ilk növbədə aqrar, ekoloji və turizm layihəsidir. Şəhər əhalisi kəndlərimizin gözəl təbiətini görmək şansı da qazanacaq. Azərbaycanın gözəlliklərini təqdim etmək üçün xarici partnyorlarımızın imkanlarından istifadə edəcəyik".