-
- 17-08-2024, 16:15
- 371
Alimlər Günəş sistemində Yerə yaxın ən soyuq yeri tapdı
London və Uorvik universitetlərinin britaniyalı alimləri belə qənaətə gəliblər ki, Günəş sistemində ən soyuq yer Yerə yaxın ərazidə - Ayın səthində yerləşə bilər. Kosmik aparatların müşahidələri göstərir ki, Ayın bəzi sahələri uzaq Plutondan daha soyuq olub.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, araşdırmanı "Live Science” elmi portalı dərc edib.
Mütəxəssislər 2009-cu ildə Ayın cənub qütbündəki kölgəli kraterlərdə ətraf mühitin vəziyyətini qiymətləndirən NASA-nın Ay Kəşfiyyat Orbiti missiyasının məlumatlarını təhlil ediblər. Ölçmələrin göstərdiyi kimi, bu yerlərdə temperatur 25 dərəcə Kelvin və ya -248,15 dərəcədir.
Müqayisə üçün deyək ki, Plutonun səthinin orta temperaturu 40,4 dərəcə Kelvin və ya -232,75 dərəcədir.
Alimlər əmindirlər ki, Ayın cənub qütbünün Merkuridən Mars və Yupiter arasındakı asteroid qurşağına qədər daxili Günəş sisteminin ən soyuq yeri olaraq qalır.
Bununla belə, Ay kraterləri Neptunun orbitindən kənarda geniş kosmik buz sahəsi olan Oort buludundan daha isti ola bilər. Oort buludunda temperatur 5 dərəcə Kelvinə (-268,15 dərəcə) çatır.
Tədqiqatçıların sözlərinə görə, buludun özü o qədər uzaqdadır ki, onu Günəş sisteminin tam hüquqlu hissəsi hesab etmək olmaz. Baxmayaraq ki, elm adamlarının bu məsələdə müxtəlif fikirləri var. Yerlə Oort buludunun yaxın sərhədi arasındakı məsafə 2 min astronomik vahiddir ki, bu da Yerlə Günəş arasındakı məsafədən 2 min dəfə böyükdür.