-
- 26-08-2024, 11:51
- 420
Əməkdar artist illərin sirrini açdı
"Mən həm xoşbəxt müğənni, həm də xoşbəxt aktrisayam. Hər iki fəaliyyətimə də eyni vaxtda başlamışam. Filmə hər insanı dəvət etmirdilər. O zaman gənc idim. Ən xoşbəxt günlərimi yaşayırdım. Əvvəl məni Həsən Seyidbəyli "Nəsimi" filmində Şəms roluna dəvət etdi məni. O vaxt alınmadı. Rəşid Behbudovun Mahnı teatrında işləyirdim. O dedi ki, qızım, ya get filmə çəkil, ya da müğənni ol".
News24.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Ruhəngiz Musəvi deyirdi. O daha sonra əlavə edib.
"Rəşid Behbudov özü "1001 qastrol" səfəri filminə çəkiləndə bizə azadlıq verdi. Əgər o bizə sərbəstlik verməsəydi mən "Baladadaşın ilk məhəbbəti" filminə çəkilməyəcəkdim. Filmin 50 illiyi tamam oldu. Milli kino günündə illər sonra Şamillə eyni səhnəyə çıxdıq. Film əslində 1973-cü ildə çəkilib, amma dəniz səhnəsini 1974-cü ildə çəkiblər. Çünki qəhrəmanı tapa bilmirdilər, sonra məni dəvət etdilər. Mən indi-indi baxıram və başa düşürəm ki, yaxşı ki, mən çəkilmişəm. Məhz filmin qəhrəmanı mən olmalı idim. Amma təbii, özüm kimi oynamışam. Son vaxtlar öz gəncliyimi görüb kövrəlirəm. Allah rejissor Fikrət Əliyevə qəni-qəni rəhmət etsin. Mən o zaman sağlığında da Fikrət Əliyevə minnətdarlıq edirdim. Bu filmə görə məni sevənlər çoxdur. Film tarixdir. O qədər aktrisalar var ki, çox filmlərdə baş rollara çəkiliblər, amma sevilmirlər. Bu günümə şükürlər olsun" deyə sənətkar bildirib.
Ruhəngiz Musəvi "Rəşid Behbudov qısqanc adam idi" sualına belə cavab verib.
"O istəyirdi ki, solisti öz teatrına aid olsun. Onda belə bir xüsusiyyət var idi. O vaxtlar "Dan ulduzu" ansamblı ilə oxuyurdum. Onda da söz atıb deyirdi ki, gördüz, bir qız "Dan ulduzu" ilə oxuyurdu (gülür). Qətiyyən xoşlamırdı. Mən də müğənni idim axı. Qastrollara gedirdik, onları pis vəziyyətdə qoya bilməzdim. Mən həqiqətən də xoşbəxt müğənniyəm ki, Rəşid Behbudov kimi sənətkarla çalışmışam" deyə o bildirib.
Ruhəngiz Musəvi bildirib ki, gözəlliyi hər zaman başına bəla olub, hətta ona düşmənlər də qazandırıb.
"Mən fotogenik olmuşam. Üzüm, cizgilərim əsl ekran üçündür. Leyla Bədirbəyli "Səhər görüşləri" filmində aparıcılıq edirdi. Gəmi gözəli seçilmişdim, şəkillərimi də gətirmişdim televiziyaya. Mənə deyirdi ki, qızım, sən ancaq kino üçün yaranmısan. O cür gözəl xanım sənətkarın mənə bu sözü deməyi xoş idi. Deyirdi ki, mən rejissor olsaydım səni ancaq kinolara çəkərdim. Subay idim, çəkilirdim, ailə həyatı qurandan sonra həyat yoldaşım icazə vermirdi. Bir çox dəvətlərdən imtina edirdim. Mənim heç kimdə işim olmayıb, öz həyatımı yaşamışam. Həmişə hər yerə dəvətlə getmişəm, özümü kobud da olsa gözə soxmamışam. Mən çalışıram ki, insanlara pozitivlik verim. Amma bunu gözügötürməyənlər də var. Çünki bu yaşa qədər təbiiliyimi, səmimiliyimi, Allah verəni qoruyub saxlamışam. Bəlkə də yeganə müğənniyəm ki, plastik əməliyyat olunmamışam" deyə əməkdar artist bildirib.
Ruhəngiz Musəvi bildirib ki, filmə çəkiləndən sonra ona xalq artisti Şamil Süleymanlı ilə aralarında sevginin olub-olmadığı haqda suallar ünvanlayırlar.
"Şamilə sual verirlər ki, inanmırıq ki, aranızda sevgi olmasın? Şamil də deyir ki, Ruhəngiz heç məni adam yerinə qoyurdu ki?! (gülür). Deyirəm ki, elə demə Şamil. Mən onu çox istəyirəm. Onun ürəyi təmizdir. Özü də həmişə deyir ki, Ruhəngiz mənim qızımın bibisidir" deyə müğənni bildirib.