Brend adı altında satılan KOSMETİK vasitələr – Saxta məhsulları necə ayırd edək?
    • 30-11-2024, 05:30
    • 225

Brend adı altında satılan KOSMETİK vasitələr – Saxta məhsulları necə ayırd edək?



Şəhərin hər bir ünvanında tez-tez yeni kosmetik mağazalar, filiallar açılır. Bu mağazalarda brend adı altında kosmetik vasitələr satılır. Mağazaların sayı artdıqca saxta məhsullar da çoxalır.

News24.az xəbər verir ki, saxta kosmetik vasitələr dəri üçün ağır fəsadlar törədə bilər. Hətta bəzən alış-veriş edərkən hansısa müştərinin aldığı məhsulun dərisinə pis təsirinə görə şikayətləndiyini də eşidirik.

Satıcılar çox vaxt bu kimi şikayətlərdə müştəriləri dəri tipinə uyğun məhsul almamaqla günahlandırırlar. Amma bəzən elə əsas problem məhsulun saxta olmasıdır. Təəssüf ki, müasir dövrdə texnologiyanın inkişafına görə, saxtanı orjinaldan ayırmaq çox çətindir.

Bəs qanunlar nə deyir?

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya məhsulların orjinallığı ilə bağlı istehlakçı hüquqlarından danışıb.

“Brend məhsul adı altında istahlakçıların aldadılması ilə bağlı hər ay telefon zəngləri daxil olur. Təəssüflər olsun ki, kosmetika malları Nazirlər Kabinetinin 114 saylı qərarına görə dəyişdirilməyən və qaytarılmayan mallardır. Qızıl məmulatları, kosmetika mallarının dəyişdirilməməsi istehlakçı hüquqlarına zərər gətirən qərardır. Belə şikayətlər olanda çox çətinlik çəkirik, bu qərar dəyişməlidir.

Nazirlər Kabinetinin 94 saylı qərarına görə satış şəbəkəsində malların sənədləri olmalıdır və bu sənədlər  Azərbaycan dilində olmalıdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə, istehlakçı malın istənilən sənədlərini tələb edə bilər. Lakin Azərbaycanda malların 85 faizinin satış şəbəkəsində heç bir sənədi yoxdur. Bu isə ölkədə istehlakçı hüququnun zəif qorunmasının sübutudur”.

Kosmetik məhsulların orjinallığını yoxlamaq üçün bir neçə üsul

1. Etiket və qablaşdırmaya diqqət yetirin

Qablaşdırma dizaynı: Orijinal məhsulların qablaşdırması yüksək keyfiyyətli olur və hər hansı bir səhv və ya pozulmuş yazılar olmamalıdır.

Yazılar: Etiketdəki məlumatlar aydın, düzgün və tam olmalıdır. Hər hansı bir yazı səhvi və ya yanlışlıq (xüsusilə brend adında) şübhə doğurur.

Barkod və istehsal məlumatları: Qablaşdırmada barkodun və istehsal tarixinin düzgünlüyünü yoxlayın.

2. Məhsulun qiymətinə diqqət yetirin

Əgər məhsul normaldan çox ucuzdursa, bu, onun saxta olmasına işarə ola bilər. Orijinal məhsulların qiymətində ciddi azalma olmur. Çox ucuz təkliflərdən çəkinin.

3. Təhlükəsizlik hologramları və ya sığorta etiketləri

Bəzi brendlər məhsullarının orijinallığını təmin etmək üçün xüsusi təhlükəsizlik hologramları və ya sığorta etiketləri əlavə edirlər. Bu hologramlar adətən yüngül şəkildə tərpənir və ya üzərində kodlar olur.

4. Məhsulun qoxusu və toxuması

Orijinal kosmetik məhsulun qoxusu, toxuması çox dəqiq və ardıcıl olur. Əgər qoxu və ya toxuma gözlənilən kimi deyilsə, bu, saxta məhsulun işarəsi ola bilər.\\bizim.media