Bu məktəbdə yalnız 10-11-ci sinif şagirdləri təhsil alacaq
    • Dünən, 14:33
    • 208

Bu məktəbdə yalnız 10-11-ci sinif şagirdləri təhsil alacaq

Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edilərək fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək.

News24.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühiti təmin etməkdir. Yenidən təşkil edilən məktəbdə şagirdlər tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olunacaqlar.

Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil ediləcək. Bu tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnmələrinə və gələcəkdə ixtisas seçimi üçün daha yaxşı hazırlanmasına kömək edəcək. Eyni zamanda, burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək.

Məktəbə şagirdlərin qəbul qaydaları, tədris prosesinin xüsusiyyətləri və digər vacib məlumatlar barədə ətraflı məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək (Azərtac).