Balığın təzə olduğunu necə bilməli? - Mütəxəssis məsləhəti
    • 3-09-2024, 20:23
    • 1 162

Balığın təzə olduğunu necə bilməli? - Mütəxəssis məsləhəti

Balıq alarkən diqqət edəcəyimiz  bir neçə vacib  məqam var. Balıq alarkən ilk növbədə onun təzəliyinə  diqqət yetirilməlidir. 

News24.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib. O bildirib ki, balıqların saxlanma şəraiti onların keyfiyyətinə təsir göstərir:

“Təzə balığın gözləri şəffaf, parlaq və qabarıq olur. Gözlər bulanıq, çökük və ya sönükdürsə , balıq təzə deyil. Balığın dərisi parlaq və nəm olmalıdır. Pulcuqları  sıx şəkildə yapışmalıdır. Əgər  asan şəkildə çıxırsa, balıq artıq köhnəlmiş ola bilər.

Təzə balığın qəlsəmələri  parlaq qırmızı və ya çəhrayı olmalıdır. Tünd və ya sarımtıl rəngli qəlsəmələr  balığın köhnə olduğunu göstərir .

Təzə balığın qoxusu dəniz və ya su qoxusuna bənzəməlidir. İylənmiş, xoşagəlməz qoxu varsa, balığın xarab olduğunun göstəricisidir.

Balıqların saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir. Balıqların düzgün saxlanmadığı və ya təmiz olmayan şəraitdə satıldığı yerlərdə təhlükə  riskləri yüksəkdir. Balıqların vannalarda və ya su dolu qabda satışı bəzi hallarda normal qəbul edilə bilər. Ancaq bu zaman suyun təmizliyi, temperaturu və yenilənməsi  vacibdir. Bu üsul balığın təzəliyini qorumaq məqsədi daşıyır. Suyun  çirklənməsi və ya uzun müddət dəyişdirilməməsi balıq üçün antisanitar şərait yarada bilir.

Ən ideal üsul balıqların soyuducuda və ya buzla saxlanılmasıdır. Bu üsul onların təzəliyini və keyfiyyətini qorumağa kömək edir. Buzsuz və ya isti şəraitdə saxlanılan balıqlar daha tez xarab olur.

Antisanitar şərait balıqların saxlanmasında böyük risk yaradır. Balığın satıldığı yer, vanna və ya qab çirklidirsə, həmin yerlərdə mikroorqanizmlərin çoxalması üçün şərait yaranır. Bu qida zəhərlənmələrinə gətirib çıxara bilər.

Satış yerində kəskin, xoşagəlməz qoxular varsa və balıqların təmiz su ilə təmasda olmadığı görünürsə, həmin şərait antisanitar ola bilər.

Nəticə olaraq balıq alarkən onun təzəliyi , saxlanma şəraiti və gigiyenik şərtləri diqqətlə yoxlanılmalıdır”.