İyunun 10-da Bakı Biznes Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclası" başlayıb.

DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 31 ölkədən ekspert və nümayəndələrin iştirak etdiyi seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov "Qeyri-intruziv yoxlama üzrə Ekspertlər Qrupunun 5-ci iclasının" Azərbaycanda keçirilməsinə görə ÜGT-yə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, gömrük nəzarətinin tənzimlənməsi prosesində ən vacib məsələlərdən biri də qeyri-intruziv yoxlamaların həyata keçirilməsi, onların tətbiqidir. Gömrük nəzarətinin sadələşdirilməsi, qısa zaman kəsiyində başa çatdırılması, həmçinin İKT ilə bağlı yeni texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinin faydalı olacağı diqqətə çatdırılıb. Komitə sədrinin müavini qeyd edib ki, müasir texnologiyaların, yeni avadanlıqların tətbiqi gömrük nəzarətinin təşkili prosesində həm vaxt, həm də vəsaitə qənaət baxımından çox əlverişlidir.

ÜGT-nin ekspertləri- Vyara Filipova və Milena Budimirovic çıxışlarında ölkələrarası məlumat mübadiləsinin aparılmasını, yeni ekspertlərin hazırlanmasını, mövzu ilə bağlı təlimlərin təşkil edilməsinin vacib məsələ olduğunu bildiriblər.

İki gün davam edəcək seminarda qeyri-intruziv yoxlama üzrə Ekspertlər qrupunun 4-cü iclasının hesabatı dinləniləcək, Vahid Fayl Formatı (UFF) İnkişafı Proqramının 2-ci mərhələsi üzrə görülən işlər barədə məlumat veriləcək, UFF İnkişaf proqramının 3-cü mərhələsinin əhatə dairəsi və digər məsələlər müzakirə ediləcək.

Eyni zamanda seminarda müxtəlif ölkələrin qeyri-intruziv yoxlama sahəsindəki təcrübələrinə dair təqdimatlar da keçiriləcək.

Fotolar

Teglər: DGK İclas ÜGT Başlayıb