Elektrik avtomobilləri ümidləri doğrultmur? - “Toyota” istehsal proqnozunu AZALTDI
    • 6-09-2024, 21:56
    • 1 035

Elektrik avtomobilləri ümidləri doğrultmur? - “Toyota” istehsal proqnozunu AZALTDI

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor” qarşıdakı illərdə elektrik avtomobillərinin (elektromobil) istehsalını nəzərdə tutduğu qədər artırmayacaq.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, “Toyota” 2026-cı il üçün qlobal elektromobil istehsal proqnozunu 1 milyon avtomobilə endirib. Əvvəlki proqnozda şirkət 2026-cı ildə 1,42 milyon ədəd elektromobil istehsal etməyi nəzərdə tuturdu.

Yapon avtomobil istehsalçısının elektromobil istehsalını nəzərdə tutduğundan az istehsal etmək qərarı qlobal elektromobil bazarının yavaşlaması ilə əlaqədar olub.

Yeni plana əsasən, “Toyota” 2025-ci ildə 400 000 ədəddən bir qədər çox, 2026-cı ildə isə iki dəfədən çox elektrik avtomobili istehsal etməyi hədəfləyir. Yapon avtomobil istehsalçısı 2023-cü ildə təxminən 100 000 ədəd, bu ilin yanvar-iyul aylarında isə təxminən 80 000 elektrik avtomobili satıb. Göründüyü kimi, şirkət proqnozlaşdırdığı sürətlə elektomobil istehsalını artırmayacaq. Əvəzində hibrid avtomobillərinin istehsalında daha böyük artıma gedəcək.

Ekspertlər bunun səbəbini hibrid avtomobillərin elektrik avtomobilləri ilə müqayisədə daha əlverişli olması ilə izah edirlər. Elektomobillərlə uzun məsafə qət etməyin çətin olması, elektrik yükləmə məntəqələrinin azlığı, həmçinin təmirlə əlaqədar müəyyən çətinliklər bu növ avtomobillərin satışında artım sürətini bir qədər zəiflədib.