Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı
    • Bu gün, 11:35
    • 379

Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı

Mağazalarda kərə yağının qiyməti artıb.

News24.az bildirir ki, bu barədə Musavat.com-a Bakı sakinlərindən daxil olan şikayətdə bildirilir.

“Hər zaman 17-18 manata aldığımız yağın axşam 24 manata satıldığını gördük. Mağazadan yağ almamış çıxdım”, - deyə Akif Əliyev adlı paytaxt sakini bildirir.

Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bəzi məqamlara aydınlıq gətirib:

“Kərə yağının qiymətinin artması ondan asılıdır ki, biz idxalçı ölkəyik. Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. İkinci məsələ isə logistika bahalaşmasıdır. Dizel yanacağının qiyməti 25 faiz artdığına görə bütün məhsulların qiymətinə təsir edib. Məhsulların daşınması, ölkəyə gətirilməsi. Çünki soyuduculardan ibarət avtomobillərlə gətirilir, dizel yanacağı ilə həyata keçirilir. Depolardan yağın paylanması da dizel yanacağı ilə həyata keçirilir. Üçüncü məsələ, digər sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil:

“Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları onminlərlədir. Bizdə nədənsə Antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözüm üstündə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.