Zəngəzur dəhlizi ilə bağlı qırmızı xətt - Naxçıvana quru yolu belə AÇILACAQ
    • Bu gün, 15:41
    • 3 051

Zəngəzur dəhlizi ilə bağlı qırmızı xətt - Naxçıvana quru yolu belə AÇILACAQ

Son dövrlərdə Zəngəzur dəhlizi ətrafında gedən geosiyasi gərginliklər və bu məsələnin regionda yaratdığı narahatlıqlar ciddi rezonans doğurur. Xüsusilə, Rusiyanın Zəngəzur dəhlizini dəstəkləməsi İran daxilində anti-Rusiya sentimentini gücləndirib. İranın parlament üzvü Əhməd Naderinin bu mövzuda etdiyi açıqlama Rusiya-İran münasibətlərində yeni bir gərginliyin başlamasından xəbər verir. Naderi Rusiyanı "çaqqallarla" müqayisə edərək, bu addımı İranın milli maraqlarına zidd hesab edir və ölkəsinin bu məsələ ilə bağlı strategiyasını nəzərdən keçirməyə çağırır.

Maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı növbəti proseslər necə cərayan edəcək? İranın razı olmaması bu dəhlizin açılmamasında əhəmiyyətli rol oynayacaqmı?

Məsələ ilə bağlı danışan politoloq Elçin Mirzəbəyli News24.az-a bildirib ki, İranın məzhəbçi siyasi sisteminin müxtəlif təsisatlarda təmsil olunan təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarının intensivləşməsi, çox güman ki, 3+3 formatında Türkiyədə keçiriləcəyi gözlənilən Zirvə görüşü ilə bağlıdır:

"Konkret zaman göstərilməsə də görüşün tarixinin dəqiqləşməsi ilə bağlı yayılan məlumatlar, çox güman ki, İran təmsilçilərinin ənənəvi ritorikalarını intensivləşdirib. Eyni açıqlamaların İranın Ermənistandakı səfiri tərəfindən də dilə gətirilməsi, həmçinin İran İslam Respublikasının idarəçilik sisteminin mahiyyəti belə düşünməyə əsas verir ki, Zəngəzur dəhlizi əleyhinə açıqlamalarla bağlı tezislər vahid mərkəzdən ötürülüb, Əhməd Naderi və digərləri isə, indiki halda rəsmi Tehranın sözçüsü kimi çıxış edirlər. Çox güman ki, rəsmi Tehran Türkiyədə keçirilən görüşdə Zəngəzur dəhlizi ilə bağlı ətrafına “qırmızı xətt” düzdüyü sevimli Ermənistanı ilə birlikdə azlıqda qalacağını ehtimal edir, yaxud diplomatik kanallarla bu istiqamətdə xəbərdarlıq xarakterli müəyyən məlumatlar alıb". 

Politoloq qeyd edib ki, İran təmsilçilərinin tez-tez və bəlağətli, metoforik ifadələrlə dilə gətirdikləri “qırmızı xətt”lərin aqibətinin necə olduğunun son bir il ərzində bir neçə dəfə şahidi olmuşuq. Belə anlaşılır ki, İranın “qırmızı xətt”ləri karandaşla çəkilir və tez-tez pozula bilir:

"İran təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarının digər bir səbəbi isə “islahatçı” Pezeşkianın prezident kürsüsünə gətirilməsinin əsas səbəblərindən biri ilə bağlı ola bilər. İran nüvə proqramı ilə bağlı danışıqların bərpa olunmasını və sanksiyaların yumşaldılmasını istəyir və Zəngəzur dəhlizinin, eləcə də dəhlizin təhlükəsizliyinin 10 noyabr 2020-ci il bəyanatının tələbinə uyğun olaraq Rusiya tərəfindən təmin edilməsinə qarşı çıxmaqla, Qərblə eyni mövqe sərgiləməyə hazır olduğunu nümayiş etdirməyə çalışır. Bu qəbildən olan situativ siyasi gedişlər İran rejiminin mahiyyətinə xas olan xüsusiyyətdir və rəsmi Tehran üçün müttəfiq, tərəfdaş anlayışının olmadığı da hər kəsə bəllidir". 

Onun sözlərinə görə, Əhməd Naderinin açıqlamasında yer alan heyvan adları isə məzhəbçi dini ideologiya ilə pərdələnmiş ultramillətçi, paniranizm (panpersizm) xəstəliyinin ən ağır mərhələsini yaşayan sistemin təmsilçilərinin sevimli məşğuliyyətidir. Biz İran təmsilçilərinin dilindən zamanında “şirin quyruğu” kimi ifadələri də eşitmişik və bu quyruğun necə qısıldığına da şahidlik etmişik: 

"Zəngəzur dəhlizi isə, mütləq reallaşacaq və İran bu prosesin qarşısını almaq imkanında və potensialında deyil. Dünyada baş verən proseslər və Orta dəhlizin əhəmiyyətinin gündən-günə artması, həmçinin Zəngəzur dəhlizinin Avrasiya üçün önəmi bu layihənin gerçəkləşməsini zəruri edir",- deyə Elçin Mirzəbəyli əlavə edib.

Aqil Qarayev