İranın paytaxtı İsfahana köçürülür? — Bir daşla iki quş...
    • Bu gün, 12:02
    • 212

İranın paytaxtı İsfahana köçürülür? — Bir daşla iki quş...

Xəbər verdiyimiz kimi, aparıcı İran mediası prezident Məsud Pezeşkianın paytaxtı Tehrandan köçürmək barədə bəyanatını müzakirə edir. 

Bəs buna səbəb nədir?

Məsələ ilə bağlı News24.az-a danışan siyasi şərhçi Çingiz Göytürk deyib ki, Tehran son illərdə sıx və plansız məskunlaşma səbəbilə çox ciddi problemlərlə qarşı qarşıyadır. 

O, hava kirliliyi və su azlığının bu problemlərin başında gəldiyini bildirib:

"İnfrastrukturların yetərsizliyi isə bu problemlərin həllinə kəsinliklə imkan tanımır. SEPAH-ın himayəsində olan ərazi və tikinti mafiyaları Tehranda yeni sağlıq mərkəzlərinin yaradılması və yeni məktəblərin açılması üçün boş ərazi belə buraxmayıb. Bələdiyyələr isə ya mafiyanın bir parçasıdır, ya da mafiyaya qarşı gəlmək gücü və iqtidarından tamamilə uzaqdır. Hətta, insanlar ölülərini belə basdırmaq üçün artıq qəbiristanlıqda yer tapa bilmirlər. İran prezidenti Bəsicilərlə son görüşündə bu problemlərin həllindən tamamilə aciz olduqlarını və Tehranda bu problemlərin həlli ilə uğraşmanın vaxt itirməkdən başqa bir şey olmadığını, çıxış yolunun isə paytaxtı köçürmək olduğunu bəyan edib. Ancaq əsas həqiqəti prezidentin çıxışının sətir aralarında axtarmaq lazımdır. O, çıxışının başqa bir hissəsində deyir ki, artıq Tehran iqtisadi inkişaf baxımından tamamilə tükənib. Ancaq biz paytaxtı başqa bir bölgəyə köçürsək, insanlar həmin bölgədə iş və yatırım imkanlarını görsələr, kapital və işçi oraya axışacaqdır. Əslində paytaxtın dəyişdirilməsi fikri yeni bir fikir deyildir". 

"İran rəsmiləri paytaxtın hara olması ilə bağlı hər hansı bir bilgi verməsələr də, bunun farsların yaşadığı mərkəzi bölgələr olacağı qətidir. Hətta İranın bu, iqtisadi dar boğazında milyardlarla vəsait xərclənərək Bəsrə körfəzindən İsfahana su çəkilmə prosesi bu istiqamətdə aparılan hazırlığın bir parçası olmaqla yanaşı, yeni paytaxtın ünvanını da bizlərə göstərməkdədir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, Tehran demoqrafik quruluşu etibarilə qeyri-farsların farslara üstünlük qurduğu bir şəhərdir.

"İran iqtisadiyyatında önəmli yeri olan Tehran bazarı böyük ölçüdə azərbaycanlıların əlindədir. İran adlanan coğrafiyada milli hərəkatların yüksəlişə keçdiyi bir mərhələdə bu faktorları göz ardı edə bilməyən İran Fars dövləti paytaxtı farsların sıx yaşadığı bir bölgəyə köçürərək, ilk mərhələdə farsların lehinə iqtisadi güc mərkəzini dəyişdirmək istəyir. Daha sonrakı mərhələdə isə siyasi, hərbi güc mərkəzlərini həmin bölgələrə köçürməklə fars dövlətçiliyinin təhlükəsizliyini təminat altına almaq istəyir. Yəni paytaxtın köçürülməsi bir mərhələdə olacağı çətinliklə mümkün deyildir. Bunu mərhələ-mərhələ gerçəkləşdirməyə çalışacaqdır və ilk mərhələsi isə iqtisadi güc mərkəzinin Tehran və Təbriz bazarı ilə çox ciddi rəqabət içərisində tarixən olan İsfahana köçürülməsi ilə başlayacaqdır. Bununla bir daşla iki quşu vurmağı hədəfləyirlər. Bir tərəfdən Tehranda həllindən aciz olduğu problemlərdən qurtulmağı hədəfləyirsə, digər tərəfdən isə fars dövlətçiliyinin milli təhlükəsizliyini təminat altına almaq üçün farsların sıx yaşadığı bölgələrə, paytaxtı yeni iqtisadi, siyasi və hərbi güc mərkəzini bu bölgələrə köçürərək bu təhlükəsizliyi təminat altına almaq niyyətindədir".

Günel Məlikzadə