"19 milyondan çox pulu Nəcməddin Sadıkova verib" - MN-də 143 milyonluq MƏNİMSƏMƏ
    • 14-09-2024, 11:10
    • 736

"19 milyondan çox pulu Nəcməddin Sadıkova verib" - MN-də 143 milyonluq MƏNİMSƏMƏ

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclası vəsatətlərin müzakirəsi ilə davam edib.

İlkin olaraq müdafiə tərəfinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi haqda olan vəsatətinə baxılıb.

Hakim Müdafiə Nazirliyinin Hüquq idarəsindən cinayət işi üzrə büdcədən məbləğlərin silinməsi barədə olan məlumatların dəqiqləşdirilməsini xahiş etdiklərini bildirib:

“Biz Müdafiə Nazirliyinə sorğu göndərmişik ki, bizə məlumat verilsin”.

General Nizami Məmmədovun vəkilinin təkrar auksion komissiyasının təşkili barədə olan vəsatəti təmin olunmayıb.

Bildirilib ki, zərurət yaranarsa, yenidən bu vəsatət müzakirə oluna bilər. Hazırkı vəziyyətdə buna ehtiyac yoxdur.

Təqsirləndirilən Cəlal Kazımovun vəkili müvəkkilinə məxsus olan üzərindən həbs götürülən evin satışından əldə olunan məbləğdən 110 min manatın ziyanın ödənilməsinə yönəldilməsi üçün dövlət hesabına ödənilməsi barədə sənədi məhkəməyə təqdim edib.

Məhkəmə vəsatəti qismən təmin edib və sənəd cinayət işi materiallarına əlavə edilib.

Vüsal Əlizadənin vəkili müvəkkilinə məxsus olan satılan mənzildən əldə olunan 101 min 532 manat məbləğin dəyən ziyana görə ödənilməsi barədə təqdim etdiyi sənəd də iş materiallarına əlavə edilib.

V. Əlizadəyə məxsus olan, Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki ipoteka yolu ilə alınan mənzilin üzərindən həbsin götürülüb satışa çıxarıla bilməsi barədə də vəsatət verilib.

Məhkəmə həmin evin ipoteka gecikməsi ilə əlaqəli yaranan mübahisəli məsələlərin həllindən sonra bu məsələnin müzakirə olunacağını deyib.

Cəlal Kazımovun vəkilinin dəymiş ziyanın ödənilmiş hissəsi ilə bağlı istintaq orqanlarına sorğu verilməsi barədə olan vəsatəti təmin olunub. Hakim sorğunun nəticəsinin məhkəmədə müzakirə olunacağını bildirib.

General Nizami Məmmədovun vəkili isə MN-in Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləmiş, polkovnik Rafael Xələfovun məhkəmədə ifadə verməsi ilə əlaqədar vəsatət verib.

Müdafiəçi vəsatəti əsaslandırarkən bildirib ki, Nizami Məmmədov heç vaxt birbaşa göstəriş verməyib, bütün işlərin başında duran Rafael Xələfovdur. Qeyd olunub ki, R.Xələfov istintaqın gedişində müxtəlif məzmunlu ifadələr verib: “Biz başa düşürük ki, Rafael də təqsirləndirilən şəxsdir. Amma biz burada bir təqsirləndirilən şəxsin hüquqlarını qoruyub, digərinin hüquqlarını pozmayaq. Biz Rafaelin yenidən dindirilməsini istəyirik.”

Məhkəmə Rafael Xələfovun məhkəməyə dəvət olunması və yaranan əlavə suallara cavab verməsi barədə vəsatəti təmin edib.

Nizami Məmmədovun vəkili Cahangir Cavadov isə bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, 4 il ərzində 20 milyon qazanc əldə edib. Həmin qazancın 19 milyon 600 min manatını Nəcməddin Sadikova verib, özünə cəmi 400 min manatı götürüb: “Əlbəttə, bu, real rəqəmlər deyil. 500 min bir, 300 min manat isə bir Nizami Məmmədova çatdırıldığını deyilib. Lakin bunu təsdiq edən heç bir sənəd yoxdur. Ona görə də bu, həqiqət ola bilməz. Xahiş edirəm ki, bu hal nəzərə alınsın və yenidən araşdırılsın”.

Hakim bunu vəsatət kimi yox, müraciət kimi qəbul etdiyini bildirib.

Növbəti proses sentyabrın 20-də keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb./APA