-
- 15-09-2024, 15:20
- 501
Daha 6 məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı komissiyaya müraciət edib:
"Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib".
Bundan başqa, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında da şikayət araşdırılıb.
MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Əzizov Əziz Fatehoviç komissiyaya müraciət edib:
"Namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib. Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı Seçki Dairəsinin yalnız 17 saylı məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib".