-
- 16-09-2024, 13:05
- 480
Bu məhsulun qiyməti ilə bağlı VACİB XƏBƏR
Payız fəslinin başlamasından etibarən, bazarlarda balıq və balıq məhsullarının satışında artım müşahidə olunur. İsti aylarda ərzaq növü kimi ön planda olmayan balıq əti, havaların soyuması ilə birlikdə başlıca qida məhsullarından birinə çevirilir. Zəngin vitamin tərkibi və insan orqanizminə olan müsbət faydaları səbəbindən alıcılar payız və qış aylarında balıq almağa ciddi üstünlük verirlər.
Bəs görəsən, bu il bizi hansı qiymətlər gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, artıq bu aydan etibarən ölkədə balıq ovuna tətbiq edilən qadağa aradan qaldırılıb:
“Azərbaycanda sentyabr ayınadək balıq ovuna məhdudiyyət tətbiq olunur. Bu səbəbdən, balıq və balıq məhsulları daha çox Rusiya, Gürcüstan kimi ölkələrdən idxal edilirdi. Sentyabr 1-dən balıq ovu ilə bağlı icazə başlayır və bu ov mözsümündə bazarda yerli məhsulların artdığını görəcəyik. Amma onu da qeyd edim ki, bazara təqdim olunan yerli balıqlar da kifayət qədər bahadır. Məsələn, insanlar arasında ən populyar balıq kütüm kimi tanınan ziyad balığı hesab olunur. Ziyad balığının 1 kiloqramı hal-hazırda 13-18 manat arasında dəyişir. Gürcüstandan idxal olunan farel balığının kiloqramı isə 13-14 manat arasındadır”.
Ekspertin qeyd edib ki, balıq ətinin qiyməti məhsuldarlığın həcmindən asılıdır:
“Normal, təbii balığın kilosu 10 manatın üzərindədir. Bu qiymətdən aşağı olan balıqlar süni şəkildə yemlənən və vətəgələrdə yetişdirilən balıqlardır. Bazarda 6, 7 və 8 manata belə balıqları tapmaq olar. Amma bəzi xırda balıqlar var ki, onların ölçüləri kiçik olduğu üçün qiyməti də aşağıdır. Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir, lakin bununla belə balığın qiyməti kifayət qədər bahadır. Bu dənizdə balıq ehtiyatlarının azalması və balıqların daha dərinliklərdə üzməsindən irəli gəlir. Digər tərəfdən, ümumi ərzaq məhsullarının hamısı bahalaşırsa, balığın bahalaşması təbiidir. Balığın qiymətinə dəqiq proqnoz vermək biraz çətin məsələdir, bu, daha çox məhsuldarlığın həcmindən asılıdır”. Musavat.com