-
- 17-09-2024, 12:54
- 388
Ohanyanın kabinetindəki görüşdə nələr danışılıb?
Ermənistanda hökumət əleyhinə “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan ölkə parlamentinin müxalif deputatları ilə görüş keçirib.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüş Ermənistan parlamentində “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın kabinetində baş tutub və 2 saat davam edib.
Görüşün təşəbbüskarının keşiş Qalstanyan olduğu vurğulanıb.
Qəzet yazır ki, tərəflər sentyabrın 22-də keçirilməsi planlaşdırılan mitinqi, eləcə də ölkənin Baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsini müzakirə ediblər.
Hərəkat lideri bundan əvvəl Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüş keçirib.
Xatırladaq ki, B.Qalstanyan cari ilin mayın 9-da Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, keşiş itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Nəticədə paytaxt İrəvanda və ölkənin digər bölgələrində hökumət əleyhinə aksiyalar keçirilib. Etiraz aksiyaları iyunda dayandırılsa da, hərəkat payızda fəal siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bildirib.