Ömər Faiq Nemanzadənin xatirə-məlumat saytı YARADILDI
    • 13-06-2019, 19:26
    • 2 880

Ömər Faiq Nemanzadənin xatirə-məlumat saytı YARADILDI

XX əsr Azərbaycanın görkəmli publisisti və ictimai-siyasi xadimi Ömər Faiq Nemanzadənin yaradıcılığına, fəaliyyətinə həsr olunmuş “omarfaig.info” xatirə-məlumat saytı fəaliyyətə başlayıb.

News24.az xəbər verir ki, layihənin müəllifi Ömər Faiq Nemanzadənin nəticəsi Ülvi Pepinovadır. O bildirib ki, Ömər Faiq Nemanzadənin publisistik və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi bizim tarixi prosesləri dərk etməyimiz üçün son dərəcə mühüm məsələ olmaqla yanaşı, XX əsrlərin əvvəllərində Rusiya imperiyasının Qafqazda türk xalqlarının reallıqlarının bərpasında son dərəcədə əhəmiyyətli bir töhfə olardı: “Ömər Faiqin «Molla Nəsrəddin» jurnalındakı nəşrləri, digər jurnal və qəzetlərdə dərc edilmiş məqalələri, oçerkləri, felyetonları və əlbəttə ki, memuarları da daxil olmaqla, bizə gəlib çatmış əsərlərinin bir qismi kifayət qədər geniş həcmli olduğu üçün, sayt tədricən və müntəzəm şəkildə yeni materiallarla dolğunlaşacaq. Biz Azərbaycan mətbuat tarixinin və ADR-in tarixi dövrünün öyrənilməsi və tədqiqatı ilə məşğul hər bir kəsin, əsasən də tarixçilərin, jurnalistlərin, publisistlərin, filoloqların ziyarətçi bloq-məqalələri müraciətlərinə böyük maraqla münasibət bildirərik”.

Qeyd edək ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “[email protected]” ünvanlı sayta ziyarətçi postları istifadə olunan dörd dilin hər birində dərc oluna bilər. 

Ülvi Pepinova bildirib ki, tarixi-əhəmiyyətli və ağır dövrlərdən birində öz xalqının, Qafqazın türk əhalisinin maraqlarını müdafiə edən, türk özünüdərketmənin maariflənməsi və çiçəklənməsi naminə bütün həyatı boyunca özünü riskə ataraq, dəfələrlə həbslərə məruz qalaraq, 1937-ci ildə faciəvi aqibətə qovuşmuş görkəmli maarifçi, publisist, mollanəsrəddinçi, ictimai-siyasi xadim XX əsrin astanasında Qafqaz türk xalqlarının liberal ideyalarının, milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin katalizatoru, adı və yaradıcılığı 1980-ci illərdə məktəb proqramına qədər yüksəlsə də, bu gün Azərbaycanın dar çərçivəli akademik dairəsində arxivlərin rəflərində öz əhəmiyyətini itirmiş kitab və dərsliklərə sığınaraq tozlanmaqdadır: "Bu gün «Molla Nəsrəddin» Azərbaycan cəmiyyətinin kütləvi şüurunda yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir. Lakin Azərbaycan mətbuatının, xüsusilə də «Molla Nəsrəddin» jurnalının və «Qeyrət» nəşriyyatının tarixi ilə maraqlanan hər bir kəs bunun heç də belə olmadığını anlayacaqdır. Çox təəssüf ki, son onillikdə Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın banisi, təsisçisi və müəllifi olaraq oynadığı rol təxəyyüllərdən o dərəcədə silinib ki, bir çox hallarda onun adı jurnala aidiyyəti olan şəxs kimi xatırlanmır. Ömər Faiq Nemanzadənin jurnalın istər yaradılma, təsis olunma və nəşr olunma ideyasına, istərsə də, bütünlükdə yazıçılıq məzmununa bilavasitə və birbaşa aidiyyəti vardır. Jurnal fəaliyyətinin son mərhələsində, 1921-ci ildən sonra sovet təbliğatının alətinə çevrilib və həmin vaxt Ömər Faiq artıq bu yeni, dəyişdirilmiş jurnalda çalışmadı, «satiranın» sovet variantında iştirakdan imtina etdi. Ömər Faiqin qızı Kamilə Nemanzadənin və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın sözlərinə görə, Ömər Faiq Cəlil Məmmədquluzadənin son günlərinə və demək olar ki, həyatının son anlarına kimi onun yaxın dostu olaraq qalır. Cəlil Məmmədquluzadə 1932-ci ildə Ömər Faiqin yanında dünyasını dəyişir. Ömər Faiq dostunu Bakıda torpağa tapşırır". 

Ü.Pepinovanın sözlərinə görə, Ömər Faiq Nemanzadə güllələndikdən sonra liberal dünyagörüşü və türk xalqlarının tərəqqisinə bəslədiyi ümidlərdən dolayı onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilməyib: "Yalnız müstəqil Azərbaycanda arxivlərin ilk növbədə elmi dairələrə, sonra da geniş ictimaiyyətə açılması ilə  onun həyatının yetmiş il boyunca dilə, qələmə gətirilməyən bir çox faktları aşkara çıxdı. 1956-cı ildə keçmiş güllələnmiş «xalq düşmənləri» ilə yanaşı Ömər Faiqin də bəraət almasına baxmayaraq, Azərbaycan ziyalılarının və elmi dairələrinin qorxu hissi o dərəcədə dərin idi ki, adı hələ də çəkilməməkdə davam edirdi. Sovet dövründə təsbit olunmuş ideoloji ehkamlara sadiq qalan alimlər və tədqiqatçılar Ömər Faiqin qeyri-münasib idealları ilə dünyagörüşünü görməzlikdən gəlməyə üstünlük verirdi. Yalnız 80-ci illərin ortalarına yaxın bəzi ədəbiyyatşünaslar – o dövrün canlı şahidləri onun adını dilə gətirməyə cürət edir. Ömər Faiq Nemanzadənin yaradığılığının bərpası ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov tərəfindən həyata keçirilib. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanıb. Professor Şamil Qurbanovun sayəsində Ömər Faiqin çoxşaxəli yaradıcılığı elmi dövriyyədə və geniş ictimaiyyətdə tanındı. Çox təəssüf ki, Qurbanovun əsərləri və kitabları rəqəmsal formata keçid dövründə köçürülüb, çap variantında yenidən nəşr olunmayıb".

Qeyd edək ki, Ömər Faiq Nemanzadə  24 dekabr 1872-ci ildə Gürcüstan qəzasının Axalsıx şəhərinin Azğur kəndində doğulub. 
İstanbulda həmin dövrlər liberal ideyaların ocağı sayılan «Darüş-Şəfəq» seminariyasında təhsil alıb. 1893-1903 – Azərbaycan məktəblərində (Şəki, Gəncə, Şamaxı, Bakı) aktiv maarifləndirici fəaliyyət göstərib. 1903-1917 llər isə onun publisistik fəaliyyətinin çiçəklənmə dövrü olub. Mməqalələri Qafqazın «Şərqi-Rus», «Tərcüman», «İqbal», «Əkinçi» və s. bir çox qabaqcıl qəzetlərində 40-dan çox təxəllüs altında dərc olunub.
Dostu və silahdaşı Cəlil Məmmədquluzadə ilə birlikdə Tiflisdə «Qeyrət» nəşriyyatını və «Molla Nəsrəddin» jurnalını təsis edib. Qafqazda inqilabi dövrün başlanğıcına 1917-ci ilə kimi özünü jurnala və publisistik fəaliyyətə həsr edib. 1917-ci ildə hakimiyyətsizlik, quldurluq və erməni dəstələrinin Ahalsıxdakı terrorçuluq fəaliyyəti şəraitində türklərin milli maraqlarının müdafiəsi məqsədilə Axalsıxa qayıdıb. Qafqaz Türk Cənub-Qərbi Respublikanın (həmçinin Qars Respublikası kimi tanınan) Nazirlər Şurasının 1-ci sədri seçilib. Anti-türk siyasi şiddətinə qarşı çıxış edir, və 1918-ci il ərzində üç dəfə həbs olunub (istinad: Əhməd Cavadın xatirələri). Azad edildikdən sonra, 1919-cu ildə Bakıya gəlib və burada Azərbaycan Parlamentinin tapşırığı ilə ölkənin Polis İdarəsinə rəhbərlik edib. 1920-ci ildə, əvvəlki kimi, türk əhalisinin maraqlarının müdafiəsi məqsədilə artıq sovetləşməkdə olan Gürcüstana qayıdıb. Orada Gürcüstanın o vaxtkı faktiki hakimiyyətinə Müsəlman Sektorunun Sədri qismində, Gürcüstanın İnqilab Komitəsinə MİK-nin 10 üzvündən biri kimi dəvət olunub. Onun yeni sovet hakimiyyətinin təşəkkül tapdığı bir dövrdə Gürcüstan müsəlmanlarının müdafiəsi fəaliyyəti o dərəcədə səmimi və ağrı-acılı idi ki, raportları bugünədək maraqla oxunmaqdadır. 

Ömər Faiq Nemanzadə o dövrlər səs salmış «Gürcü işi» adlı əməliyyatının (1922) başlanması ilə özünün Gürcüstandakı ictimai-siyasi fəaliyyətini dayandırıb və 1923-cü ildə Azərbaycana, Gəncəyə köçüb. Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində çalışıb 1924-cü ildə isə Azərbaycan SSR-nin Milli Təhsil Komitəsinə təyin olunub. Milli maariflənmənin inkişafında fəal iştirak edərək, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılması prosesinin təşəbbüskarı olub. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsrdə Qafqazda Azərbaycanmədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan «Memuarlar»ı üzərində çalışıb. Lakin müəllif işini başa çatdıra bilmir. 1937-ci ilin 16 iyul tarixində Ömər Faiq Gürcüstanda, Axalsıxın rayon prokuroru Odabaşyanın əmri ilə Türkiyənin xeyrinə casusluqda təqsirləndirilərək həbs olunub. Üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSRİ-nin Daxili İşlər Komissarlığı yanında fəaliyyət göstərən «Üçlüyün» qərarı ilə güllələnərək qətlə yetirilib.