-
- 17-09-2024, 17:26
- 206
Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirildi
Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimləri keçirilib.
News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimlərdə Milli Müdafiə Universitetinin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Andiçmə mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanına gətirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Təntənəli mərasimlərdə çıxış edənlər kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı arzulayıb, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.
Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Sonda valideynlər hərbi təhsil müəssisələrində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.