Hindistanlılar Bakını “ələ keçirir”
    • 18-09-2024, 10:35
    • 8 351

Hindistanlılar Bakını “ələ keçirir”

Xalq artistindən etiraz: “Düşmənimin dostunun mənim evimdə nə işi var?”

Son günlər sosial mediada Bakıda olan hindistanlılarla bağlı bir neçə video yayılıb. Bunlardan birində blogger qadın Bakının Nizami küçəsində hindistanlıların sayının yerlilərdən xeyli çox olmasından gileylənib. Rəy bölümündə şikayətçini dəstəkləyənlər tənqid edənlərdən daha çox olub. Yazanların əksəriyyəti hesab edir ki, Hindistan vətəndaşları Bakıda özünü adekvat aparmır. İkinci videoda isə Cənub-Şərqi Asiyadan gələnlərin otellərdən birinin hovuzuna paltarla daxil olduqları görünür. Kənarda dayanmış yerli adamlar buna biganə qalmır, etirazını bildirir.

Azərbaycanda hindistanlıların sayının sürətlə artmasını təkcə müşahidələr demir,  rəsmi statistika da son bir ildə ölkədə əcnəbilər arasında hindistanlıların üstünlük təşkil etdiyini göstərir. Söhbət 2,4 dəfə artımdan gedir. Hindistandan sonrakı yerləri Cənubi Koreya (2,2 dəfə), Çin (2), İspaniya (1,8), Qırğızıstan, Filippin, Qazaxıstan (hamısı 1,6) və Pakistan (1,5) tutur. Ümumiyyətlə, son bir ildə ölkəyə gələn əcnəbilərin 8,1 faizi Hindistan pasportu daşıyır. Cənub-şərqi asiyalılar bu statistikada yalnız Rusiya və Türkiyədən geri qalıb.

Hindistan vətəndaşları Azərbaycana niyə gəlir?

Əlbəttə, turizm məqsədi əhəmiyyətsiz deyil. Məhz bu niyyətlə gələnlər çoxdur. Amma daimi yaşamaq üçün bizim ölkəyə üz tutanlar da çoxalıb. Şəhərin mərkəzində Hindistan mətbəxini təmsil edən restoranlar bir-birini əvəz edir. Bu icmaya aid olan insanlar daha çox həmin restoranlarda toplaşırlar. Taksi sürücüləri arasında da hindistanlılar gözə dəyir. Bir sözlə, dünyada əhali sayına görə hamını geridə qoyan Hindistan vətəndaşları Azərbaycana həm də yaşamaq üçün gəlirlər.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında deyib ki, hindistanlıların Bakıda kök salmasına yaxşı baxmır. Rejissor bildirib ki, Ermənistanı müasir hərbi texnikalarla silahlandıran bir ölkənin vətəndaşlarının paytaxtımızı yaşayış yerinə çevirməsinə icazə verilməməlidir: “Hindistan Ermənistana siyasi, hərbi və iqtisadi dəstək verir. Onları bütün səviyyələrdə müdafiə edir. Ermənilər özləri isə deyirlər ki, Hindistandan qovulmuş qaraçılardılar. Hər yerdə özlərinə  sığınacaq axtarırlar. Yetim dana kimi onun-bunun qolunun altına girirlər. Ona görə də Hindistan vətəndaşlarının ölkəmizə belə axışması heç də yaxşı hal deyil. Onların kimlikləri, əqidələri, məsləkləri, nə işlə məşğul olmaları çox ciddi nəzarətə götürülüb araşdırılmalıdır. Dünya artıq miqrant məsələsini həll edir. Bir zamanlar çətin dolanan 5-ci dərəcəli ölkələrin vətəndaşları gedib Avropaya doluşdular. Və bəlli oldu ki, onlar getdikləri yerlərə sivilizasiya deyil, əksinə, problem və əxlaqsızlıq gətirirlər. Rusiya hazırda müttəfiq olduğu Orta Asiya və Qafqaz ölkələrinin vətəndaşlarını deportasiya edir. Bir sözlə, Azərbaycan azərbaycanlıların və xoş niyyətli insanların yaşaması üçündür. Turist kimi gəlib gəzsinlər, heç bir problem yoxdur. Ancaq ərazimiz hindlilərə daimi yaşayış üçün nəzərdə tutulmayıb. Hindistanın milyard yarım əhalisi var. Qapımızı onların üzünə açsaq, onda gərək uşaqlarımız 5-6 ildən sonra gedib Nargin adasında yaşasın. Bu fikirləri ərəb turistlərə də aid edirəm. Onlar restoranlarda əxlaqsızlıq edib pul xərcləyirlər. Əxlaqsızlıq yolu ilə qazanılan pulun isə heç vaxt bərəkəti olmaz”.

Rejissorun sözlərinə görə, Hindistan və Fransa Azərbaycana qarşı açıq formada düşmənçilik edir: “Ona görə də bu ölkələrin vətəndaşları paytaxtımıza gələrkən çox ciddi formada nəzarətə götürülməlidir.

Onsuz ki, Bakı boğulur, nəfəs ala bilmir. Rayondan, kənddən gələn, iş axtaran - hamı paytaxtdadır. Bakıda milyon yarıma yaxın qeydiyyatı olmayan insan yaşayır. Paytaxtımızı göz görə-görə məhv edək? Bir sözlə, öz vətəndaşlarımız bizə bəs edir. Hindistan vətəndaşları isə gedib Ermənistanda dincəlsinlər, istəsələr lap orada yaşasınlar. Bir-birilərinə dost, qardaş deyirlər. Bizim 3 minə yaxın şəhidimiz var. Onlar vətən uğrunda canlarından keçiblər. Ermənistana kömək edən, silah verən Hindistanın vətəndaşları onların yaxınlarından utanmalıdır. İndi nə üzlə ölkəmizə gəlirlər? Mən birmənalı şəkildə hindlilərin Azərbaycana gəlməsinə etiraz edirəm. Küçədə onlara rast gəlsəm, acılayacağam ki, çıxıb getsinlər. Əhalinin sayına görə hazırda Hindistan Çini ötüb. Çində doğum məsələsi nəzarətə götürülüb. Orada azalma baş verir. Hindistan isə onları vurub keçib. Mən Hindistanda olmuşam. Kasıb əhali çox pis vəziyyətdə yaşayır. İnsanların əksəriyyəti küçələrdə qalır. Orada hər an yoluxucu xəstəliyə tutulmaq olar. Hər yer çirkabdır. Bir dilənçiyə pul verirsən 100-ə yaxını üstünə qaçır. Ona görə də bizim kimi ölkələrə gəlib iş axtarırlar. Amma hindlilər bizə lazım deyil, gedib Ermənistanda yaşasınlar. Bizə hansı mədəniyyəti, səviyyəni gətirirlər ki? Düşmənimin dostunun mənim evimdə nə işi var?"