-
- 18-09-2024, 19:00
- 243
"İnstagram"dan yeni tətbiq - yetkinlik yaşına çatmayanlar üçün...
İnstagram 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. “Gənclik hesabları” adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.
News24.az xəbər verir ki, yeni hesablar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib.
İnstaqramın sahibi Meta-nın internet saytından verilən açıqlamaya görə, yeni hesablar 2024-cü ilin sonuna doğru Avropa Birliyində qüvvəyə minəcək.
Meta rəsmiləri bildiriblər ki, yanvar ayından etibarən digər ölkələrdə də istifadə edilməyə başlanacaq.
Yeni tədbirlər çərçivəsində “gənc hesab” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.
Eyni şəkildə, 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər.
Bu proqramla Instagram yeniyetmələrin Explore və Reels sahələrində qarşılaşa biləcəkləri məzmunu da süzgəcdən keçirəcək. Beləliklə, zorakı məzmun və ya kosmetik məhsul reklamları kimi "həssas məzmun" bu yaş qrupu üçün daha az görünəcək.
“Gənclik hesabları” 18 yaşdan kiçik istifadəçilərə vaxt xəbərdarlığı da verəcək. Bu çərçivədə gündə 60 dəqiqəni aşan istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.
18 yaşından kiçik hesablar 22:00-07:00 arasında "yuxu rejiminə" keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.
Həmçinin, yetkinlik yaşına çatmayan istifadəçilərin valideynləri hesablarına nəzarət edə, uşaqlarının parametrlərini idarə edə və ya onları özləri idarə etməyə icazə verə biləcəklər. Onlar övladlarının hansı məzmun başlıqlarını seçdiyini görə biləcəklər.
“İnstagram”ın yeni qaydaları çərçivəsində valideynlər övladlarının tətbiqdən istifadə müddətini müəyyən edə və müəyyən zaman intervalları ilə onların “İnstagram”a daxil olmasının qarşısını ala biləcəklər.
Bildirilib ki, bu texnologiyalar sayəsində yetkinlik yaşına çatmış doğum tarixləri ilə platformaya qeydiyyatdan keçən yeniyetmələr müəyyən ediləcək və onların hesabları məhdud hesablara çevriləcək.
Məryəm İlhamqızı