-
- 26-09-2024, 20:05
- 369
Mövsümi infeksiyalar bu şəxslərdə ağırlaşmalara səbəb ola bilər - Necə qorunaq?
Payız fəsli daxil olandan insanlar arasında virus simptomları yayılıb. Bir çox insan qızdırma, boğaz ağrısı, hətta sümük, əzələ ağrılarından şikayət edir. Koronavirus pandemiyası zamanı da bu əlamətlərə rast gəlinirdi.
News24.az xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, payız fəslində tez-tez respirator virus infeksiyaları, yəni tənəffüs yollarının virus infeksiyaları ilə rastlaşılır:
“Bu infeksiyaların bir çox növü var – adenovirus, rinovirus, koronavirus, qrip virusu. Simptomlar çox vaxt oxşar olur. Yüksək hərarət, baş, bədən, əzələ ağrıları, halsızlıq, ümumi iştahsızlıq, yorğunluq, burun axması, boğazda qıcıqlanmalar müşahidə olunur. Bu əlamətlər, adətən, 1-3 gün ərzində keçib gedir, çünki orqanizmin immum sistemi bu virusların öhdəsindən gələ bilir. Lakin xroniki xəstəliyi olanlar, ürək-damar xəstəliyi, şəkərli diabetdən əziyyət çəkənlər, körpələr, həmçinin hər hansı bakterial infeksiyası olan insanlar, eləcə də immuniteti çox zəif olan şəxslər bu virus xəstəliklərinin ağırlaşmalarından əziyyət çəkirlər. Nəticədə bir müddət sonra ikincil bakterial infeksiya da qoşula bilir və proses daha da ağırlaşır. Bu zaman artıq təcili şəkildə həkimə müraciət edib peşəkar tibbi yardım almaq tövsiyə olunur”.
S.Hacıyev qeyd edib ki, virus infeksiyalarının çoxaldığı bir zamanda, xüsusilə də payız fəslində məcbur qalmadıqca insanların çoxluq təşkil etdiyi məkanlardan uzaq olmaq lazımdır:
“İctimai nəqliyyatda, əhalinin çox olduğu qapalı məkanlarda yaxşı olar ki, maskadan istifadə edilsin. Sosial məsafəni qorumaq lazımdır. Əllərimizlə hansısa səthlərə, əşyalara toxunuruqsa, daha sonra əlimizi ağzımıza, üzümüzə, gözümüzə aparmaq olmaz. Daha sonra əlləri sabunla yaxşı-yaxşı yumaq lazımdır. Havaya uyğun geyinmək lazımdır. Maqnezium, sink, selen kimi elemetləri də daxilə qəbul etmək olar”.