-
- 29-09-2024, 07:52
- 841
Daha bir ölkə Rusiya bazalarını vurdu – Növbəti amansız müharibə başlayır?
Sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə ilk dəfə görüşüb.
Görüşdə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında işlərin vəziyyəti, Cənubi Qafqazda və Fələstin-İsrail münaqişəsi daxil olmaqla, aktual beynəlxalq və regional problemlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
XİN başçıları Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran-Rusiya münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf edir, ABŞ və Qərblə gərginlik şəraitində onların hər zaman məsləhətləşmələrə ehtiyacı var:
“Xarici işlər nazirlərinin Nyu-Yorkda görüşməsi təəccüblü olmadı. İki nazir arasında bu gün Yaxın Şərq və Cənubi Qafqazda baş verən proseslər müzakirə edildi. Eyni zamanda məlum olduğu kimi növbəti ay hər iki dövlətin başçısının Rusiyada BRİKS-in sammitində bir araya gələcəyi gözlənilir. Burada da iki ölkə üçün əhəmiyyət kəsb edən taleyüklü məsələlər müzakirə ediləcək.
Düşünürəm ki, hazırda Yaxın Şərqdə baş verən hadisələrin müzakirəsi onlar üçün daha əhəmiyyətlidir. Çünki İsrailin Suriyadakı Rusiya bazarlarına raket atəşi artıq Kremlin də oyuna daxil olduğunu xəbər verir. Rusiya bu müharibədə tərəflərdən birinə çevrilərsə, hadisələr hansı istiqamətdə inkişaf edəcək? Və ya münaqişənin qarşısını almaq, İsrailin hücumlarını dayandırmaq üçün hansı addımların atılması gərəkdir? Bütün bu suallara cavab tapmaq lazımdır.
Düşünürəm ki, Lavrovun Araqçı ilə müzakirə etdiyi başlıca məsələlər bunlardır. İran-Rusiya münasibətlərinin sonrakı inkişafı da masa üzərində ola bilər. İstənilən halda bundan sonra Moskva və Tehranın Yaxın Şərqdə daha aktiv və birlikdə fəaliyyət göstərəcəyini gözləmək olar”.