Universitetə qəbul olub müharibəyə yollanan qazi niyə təhsil ala bilmir? - Rəsmi açıqlama
    • 4-10-2024, 10:05
    • 224

Universitetə qəbul olub müharibəyə yollanan qazi niyə təhsil ala bilmir? - Rəsmi açıqlama

“Vətən müharibəsi qazisi, I qrup əlil olan qardaşım Valeh İsayev 4 il öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə qəbul olunmuşdu. Lakin müharibə onun təhsil arzusunu yarımçıq qoydu. Sonradan yaralanıb hərəkət qabiliyyətini tamamilə itirdi, amma hər hansı əqli problemi yoxdur. Bununla belə, universitetdə təhsilinə başlaya bilmir”.

Bu iddia ilə “Qafqazinfo”ya qazinin bacısı Nigar İsayeva müraciət edib. 

Onun sözlərinə görə, müharibənin başlamasından 3-4 gün əvvəl qardaşına universitetə qəbul olması ilə bağlı SMS gəlibmiş. Lakin müharibədə iştirak üçün könüllü qeydiyyatdan keçdiyinə görə sentyabrın 29-u cəbhəyə aparılıb: “Qardaşım oktyabrın 19-da ağır yaralandı. Güllə başını sıyırıb keçmişdi və onurğa beynini zədələmişdi. Hazırda iflic vəziyyətdədir. Sinirlərinin 99 faizi zədələnib, bərpa olunması mümkün deyil. 2 il Türkiyədə müalicə aldı. Hazırda da Əhmədli qəsəbəsində yerləşən Bakı Reabilitasiya Mərkəzində müalicə alır. Universitet təhsili donmuş kimidir, heç başlamayıb. Belə olduqda təhsil hüququ 10 il qüvvədə qalır, həmin müddət keçəndən sonra ləğv olunur. Universitetlə ötən il danışdım, dedilər ki, gərək dərsə gəlib-getsin. Onun da elə bir imkanı yoxdur, çünki sərbəst otura bilmir. Arabada gəzir, sinədən aşağı nahiyədə hissiyyatı yoxdur. Ayaqları tamamilə işləmir. Əlləri zəif işləyir. Sol tərəfdən yaralandığına görə 2 barmağını işlədə bilir, sağ əlini isə bir az işlədir. Qazidir, Vətən üçün, bizim üçün canından keçib, təhsilini, ailəsini kənara atıb gedib döyüşüb. Biz istərdik ki, ona distant təhsil üçün şərait yaradılsın...”

Müharibəyə gedəndə hərbi xidmətini başa vurmuş olan Valehin indi 25 yaşı var. Ailənin yeganə arzusu özünəqapanmış vəziyyətdə olan qaziyə az da olsa, kömək etməkdir: “11-ci sinifdə oxuyanda hazırlaşmağa imkanı olmamışdı. O vaxt böyük qardaşım ona maddi baxımdan köməklik elədi, repetitor hazırlığına qoydu. 6 ay hazırlaşdı, 400-ə yaxın bal topladı. Sevdiyi ixtisasa da qəbul oldu. Axşamlar gedib restoranlarda işləyirdi, 5-10 manat qazanırdı. Danışa bilir, ağlında, nitqində heç bir problem yoxdur. Sadəcə, özünə çox qapalıdır. İstəyərdik ki, təhsil alsın, bu, onun üçün bir motivasiya, işıq ucu olar. Bəlkə gələcəkdə oturaq vəziyyətdə iş olsa, işləyər”. 

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Tədrisin təşkili ilə bağlı məsələlər təhsil müəssisəsinin səlahiyyətlərinə daxildir. Həmçinin qeyd edək ki, tələbə tərəfindən müəssisəyə rəsmi müraciət olduğu halda məsələyə qanunvericilik çərçivəsində baxıla bilər”.

Gəncə Dövlət Universitetindən də sorğumuza oxşar cavab verildi: “Həmin qazimizlə bağlı bizə rəsmi müraciət olunmayıb. Universitetə ərizə il müraciət olunsun. Bundan sonra baxılacaq. Əgər qanun yol versə, onun təhsili ilə bağlı şərait yaradıla bilər”. 

Qeyd edək ki, V. İsayev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.