Bu şəxslərə 6 min manat veriləcək - Lazım olan SƏNƏDLƏR
    • 4-10-2024, 15:39
    • 313

Bu şəxslərə 6 min manat veriləcək - Lazım olan SƏNƏDLƏR

““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya daxil olan vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək”.

News24.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

“Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar”.

V.Bayramov bildirib ki, bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilərlər:

“O zaman bu sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti; əmək kitabçasının surəti; valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı, bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.