Gəncə terrorunun mülki şəhidinin anası: “Balam sevdiyinə qovuşa bilmədi” – MÜSAHİBƏ
    • 4-10-2024, 16:19
    • 294

Gəncə terrorunun mülki şəhidinin anası: “Balam sevdiyinə qovuşa bilmədi” – MÜSAHİBƏ

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.

Zərbələr 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncədəki ikimərtəbəli bina və fərdi yaşayış evlərinə endirilib.

Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

News24.az bildirir ki, gencexeber.az terror qurbanı olan 20 yaşlı Tunar Əliyevin anası Validə Əliyeva ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Validə xanım, öncə oğlunuz ilə bağlı xatirələrinizdən danışmağınızı istərdim.

– Oğlum 22 may 1999-cu ildə Gəncədə dünyaya göz açıb. 2005-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2016-ci ildə orta təhsilini başa vurub. Müəyyən səbəblərə görə ali təhsil ala bilməyib. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanıb və 2018-2019-cu illərdə Bakıda xidmət edib.

Hərbi xidmət zamanı “Təşəkkürnamə” ilə təltif edilib. Ona kiçik çavuş rütbəsi verilib. O, Gəncədə fəaliyyət göstərən kafelərin birində inzibatçı vəzifəsində çalışıb.

Tunar könüllü olaraq müharibəyə yollanmaq istəyirdi, hərbi komissarlığa müraciət etmişdi. Döyüşə getmək üçün can atırdı, qala bilmirdi. Orada olan dostlarına ləvazimat almışdı, onları aparıb verirdi.

“Onunla bərabər hər şeyimi itirdim”

– Hərbi xidmətdən gəlməyinin bir ili tamam olmamışdı, işə təzə başlamışdı. İş yoldaşları ilə əsgərlərə yardım apararkən yolda terrorun qurbanı oldu. Səhər-səhər evdən çıxdı, bir daha geri qayıtmadı. Onunla bərabər hər şeyimi, tək oğul övladımı itirdim. Saat 10 radələrində Tunarı yola saldım. 10 dəqiqə keçməmişdi ki, bu hadisə baş verdi, raket atıldı.

– Oğlunuzun başına gələnlərdən necə xəbər tutdunuz?

– Özümü çox pis hiss etdim. Raket atılan zaman ev silkələnmişdi. Narahat qaldım. Tunara dəfələrlə zəng etdim. Telefonu açmadı. Çox narahat olduq. Hadisə evimizdən bir qədər aralıda baş vermişdi. Oğlum yol ilə keçirmiş. Raketin qəlpəsi yolun kənarında evlərin yaxınlığına düşmüşdü, oğlumun maşınını darmadağın olmuşdu. Qəlpələrdən biri Tunarın gicgahına tuş gəlmişdi.

“Tunarla bərabər bütün həyatımı torpağa tapşırdım”

– Tunar oktyabrın 5-də Şəhidlər xiyabanında dəfn edildi.  Hər il bu günləri qeyd edirəm. 21 yaşında tək oğul övladımı torpağa verdim. Bütün həyatımı onunla bərabər torpağa tapşırdım. Çox çətindir. Noyabrda oğluma şəhid statusu verildi. Müharibədə iştirak oğluma qismət olmasa da, o da vətən yolunda canını qurban verdi.

– Oğlunuzun ən böyük arzusu nə idi?

– Gənc idi. Arzuları çox idi. Sevdiyi var idi.. Tunar dəfn olunan gün onun qəbrinin üstündə ağlayan bir qız gördüm. Məzarının başında idi. Mən tanımırdım. Tunarımın üstünə gəlmişdi. Balamın arzusu ürəyində qaldı. Balam sevdiyinə qovuşa bilmədi.

– 30 il düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunanda hansı hissləri keçirdiniz?

– Qürur hissi yaşadım. Oğullarımızın qanı yerdə qalmadı. Buna çox sevindim. 30 il erməni tapdağında qalan torpaqlarımız azad olması fəxrdir. Fəxr edirəm ki, mənim oğluma döyüşdə iştirak qismət olmasa belə, torpaq uğrunda şəhid oldu.