Dələduzluqla məşğul olur, ona-buna pul “atır” - Namiq biabır etdi
    • 5-10-2024, 19:55
    • 372

Dələduzluqla məşğul olur, ona-buna pul “atır” - Namiq biabır etdi

Son vaxtlar telekanallarda qonaq olan sənət adamlarının dilindən tez-tez kişi-qadın münasibətlərinə dair fikirlər eşitmək olur. Onlar adətən “Kişi qazanmalı, evə mütləq kişi baxmalıdır” məzmunlu hökmlər verirlər. 

Bu məsələ cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri iddia edir ki, hər kişi milyon qazana bilməz. Hamı nazir, müdir ola bilməz. Hərənin bir şansı var, tək kişi qazanmalıdır demək, bunu təbliğ etmək düzgün deyil. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Aşıq Namiq Fərhadoğlu bildirib ki, xanımların çalışıb ailəsinə dəstək olmasında heç bir problem yoxdur, əksinə bu, yaxşı haldır: 

“Bu cür məsələlərin efirdə müzakirə olunması gülüncdür. Kişi həmişə pul qazanıb. Mən gədəbəyliyəm, ta qədimdən bizdə atam işləyib, evi saxlayıb, mən gözümü açandan bu cür görmüşəm. Biz həmişə belə görmüşük. Amma bu gün vəziyyət fərqlidir, bəzən kişi ilə bərabər xanımı da müəllim, həkim, dərzi kimi işləyir. Burada nə var? Xanımın da çalışmağının nəyi pisdir?” 

Sənətçi bildirib ki, müzakirə olunmalı əsas məsələ ailəyə gələn qazancın halal yolla əldə edilməsidir: 

“Bir evə iki yerdən halal qazanc gəlirsə, bu niyə pis hesab olunmalıdır? Amma kişinin qazancı yaxşıdırsa, ailəsini, uşaqlarını maaşı ilə saxlaya bilirsə, qadının işləməyinə ehtiyac görmürəm. Amma həmişə belə olmur, hər ailənin qazancı eyni deyil, bəzən kişi yaxşı qazana bilmir, xanımı da çalışıb ona dəstək olur, ikisi birlikdə ailəni saxlayırlar. Mənə görə əsas olan həmin pulun halallıqla qazanılmasıdır. 

Ələxüsus da insan namusu, qeyrəti ilə işləməsidir, istər xanım, istərsə bəy olsun, bu, vacibdir. Bu gün bəzi kişilər gedib dələduzluqla məşğul olur, ona-buna pul “atır”, belə pul kimə lazımıdır?! 

Bu, xanımlara da aiddir, insan gərək namusu ilə pul qazanıb ailəsinə halal ruzi gətirsin”.