Hüquqşünas Əhmədin cəzasından DANIŞDI
    • 10-10-2024, 14:37
    • 2 600

Hüquqşünas Əhmədin cəzasından DANIŞDI

Bu gün uzun müddətdir ölkə gündəmini zəbt edən, bir çox insanın qanını donduran cinayətlə bağlı hökm oxunub. Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov sonuncu dəfə hakim qarşısına çıxıb və qərar elan edilib. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cəzadan azad edilməsi cəmiyyət arasında birmənalı qarşılanmayıb. İlin ən dəhşətli cinayətinin bu sonluqla bitməsi insanlar arasında aqresiya yaradıb.

Bəs görəsən, ailə üzvlərini amansızlıqla qətlə yetirən şəxs müalicəsi bitdikdən sonra cinayət məsuliyyətinə cəlb ediləcək? Bu halda onu hansı cəza gözləyə bilər?

Psixiatriya müalicəsi almış şəxsin cəmiyyətə geri dönməsi ilə bağlı hüquqi məhdudiyyətlər varmı? Azərbaycan qanunvericiliyinə görə, cinayət törədərkən psixoz vəziyyətdə olan şəxslərə qarşı hansı tədbirlər nəzərdə tutulur?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev Əhməd Əhmədova təyin edilən qərar ilə bağlı yaranan suallara aydınlıq gətirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, şəxs əqli və ya psixi cəhətdən anlaqsız vəziyyətdə olduğu halda cinayət məsuliyyətindən azad edilir:

“Belə hallar Cinayət Məcəlləsinin 21-ci maddəsində tənzimlənir. Məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən, şəxsin cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilərsə, ona cəza təyin edilmir. Bunun əvəzinə məhkəmə həmin şəxsin cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alaraq, onun psixi sağlamlığının bərpa olunması məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar çıxara bilər. Bu tədbirlər Cinayət Məcəlləsinin 99-cu və 100-cü maddələrinə uyğun olaraq həyata keçirilir”.

Ə.Nuriyev əlavə edib ki, Əhməd Əhmədovun məhkəmə psixiatrik ekspertizasının rəyinə əsaslanaraq cəzadan azad edilməsi və onun Maştağa psixiatrik xəstəxanasına yerləşdirilməsi barədə məhkəmənin verdiyi qərar qanunvericiliyə uyğundur:

“Bu, vəziyyətin qanunla tənzimlənmiş formasıdır. Tibbi xarakterli məcburi tədbirlər isə həmin şəxsin müalicəsi və ya cəmiyyət üçün təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə tətbiq edilir”.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu üçün cəzadan azad edilibsə, bu vəziyyət dəyişdikdən sonra yəni şəxs sağalıb anlaqlı hala gəldikdə ona cinayət məsuliyyəti tətbiq edilmir:

“Əgər Əhməd Əhmədov sağalarsa, ona cinayət törətməkdə cəza təyin edilə bilməz. Bunun səbəbi odur ki, cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu artıq məhkəmə ekspertizasının rəyinə və məhkəmənin qərarına əsasən qəbul edilib. Cinayət Məcəlləsinin 21-ci maddəsinə görə, anlaqsız vəziyyətdə olan şəxsə cəza təyin edilə bilməz. Anlaqlı vəziyyətə qayıtdıqdan sonra belə, həmin şəxs cinayət məsuliyyətindən azad qalır, çünki cəza anlaqlı şəkildə törədilmiş əmələ görə verilir.

Sağalma halında isə, məhkəmə şəxsin artıq cəmiyyət üçün təhlükə yaratmadığını müəyyən edərsə, tibbi xarakterli məcburi tədbirlərin dayandırılması və ya yüngülləşdirilməsi barədə qərar verə bilər. Lakin cəza təyin edilməsi mümkün deyil, çünki onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu hüquqi olaraq təsdiqlənib”.