Gedişhaqqları UCUZLAŞACAQ?
    • 12-10-2024, 03:09
    • 405

Gedişhaqqları UCUZLAŞACAQ?

Ötən günlərdə Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi ilə bağlı məlumat verildi.

Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə buraxılması planlaşdırılır.

Bu avtobusların sərfiyyatının daha az olması və digər məsələlər nəzərə alınaraq gedişhaqqları daha az ola bilərmi?

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans.az-a açıqlamasında bu haqda danışıb.

“COP29-a hazırlaşan Azərbaycan elə öz ərazisində bunu nümayiş etdirməlidir ki, biz nə qədər ekologiyanın qayğısına qalırıq. Yanacaq mühərrikli avtobuslarla müqayisədə elektrik avtobusları həm qənaətbəxş, həm də səmərəli, büdcə baxımından hesab olunur. Bu avtobuslar ekoloji baxımdan, sərfiyyat və komfort baxımından üstünlüklərə malikdir. Düşünürəm ki, bütün bunları nəzərə alsaq, qiymət artımından söhbət də gedə bilməz. Bu avtobuslar Bakının küçələrinə hər nöqteyi-nəzərdən rəngarənglik qatacaq”.

Ekspert qeyd edib ki, elektrikli avtobusların sərfiyyatı və xərcləri daha az olduğuna görə bu avtobuslarda gedişhaqqının daha aşağı olma ehtimalı da var.

“Sözügüdən avtobuslar daha sərfəli hesab olunur. Bu faktor avtobuslarda gedişhaqqı məsələsinə də müsbət təsir edə bilər. Yəqin ki, bu məsələ Tarif Şurası tərəfindən müzakirəyə çıxarılacaq. Elektrikli avtobuslar hər baxımdan daha məqsədəuyğundur və bütün dünyada istifadə olunur”.