Beynəlxalq Valyuta Fondu ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
    • 21-06-2019, 17:02
    • 848

Beynəlxalq Valyuta Fondu ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə Missiyasının rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilib.

News24.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov nümayəndə heyətini salamlayaraq Azərbaycanda maliyyə sabitliyinin təmin olunması, Bazel standartlarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verərək ölkənin maliyyə bazarları, xüsusilə də maliyyə mühitinin aparıcı komponentləri kimi bank, sığorta və qiymətli kağızlar bazarının hazırkı vəziyyəti, bu sferalarda əldə olunan irəliləyişlər, sektoral göstəricilər haqda bir çox məqamları diqqətə çatdırıb.

Daha sonra əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalandığı bildirilib, Fərman çərçivəsində görülən işlərdən, əldə olunan nəticələrdən danışılıb. Xüsusi olaraq vurğulanıb ki, sözügedən Fərman həm insanların maddi vəziyyətinin yaxşılaşdırılmasında, həm də bankların maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Öz növbəsində, IMF rəsmisi ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, maliyyə sahəsində mütəmadi islahatların həyata keçirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zamanda maliyyə sektorunda əldə edilən stabillikdən məmnunluğunu ifadə edib.

Eyni zamanda, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə uğurlu inteqrasiyasının Palatanın əsas hədəflərindən biri olduğu, bununla əlaqədar, Palatanın IMF ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu nəzərə çatdırılıb.