-
- 12-10-2024, 13:26
- 477
"Dünya dinlərində cinayət və cəza"
Azərbaycan Respublikasının Əməkdar hüqüqşünası, Rusiya Elmlər Akademiyasının üzvü, professor İlham Rəhimovun xaricdə populyarlıq qazanmış “Dünya dinlərində cinayət və cəza (tarixi, dini, hüquqi və fəlsəfi aspektlər)” kitabı müəllifin öz Vətənində də işıq üzü görüb. Azərbaycan oxucuları da bu dəyərli əsərlə ana dilimizdə tanış olmaq imkanı qazanıb.
Akademikin bu əsəri ilk dəfə 2023-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində nəşr edilmiş və böyük elmi-ictimai əks-səda doğurmuşdur. Bu da təsadüfi deyil. İlham Rəhimovu qonşu Rusiya ilə, Sankt-Peterburq ilə bağlayan qırılmaz tellər çoxdur. Soydaşımız bir vaxt Rusiyanın məşhur Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almış, cinayət hüququ kafedrasında əyani aspiranturanı bitirmiş və hüquq elmləri namizədi adı almışdır. Kitab 6 fəsildən ibarətdir. Burada cinayət və cəza institutları müxtəlif dünya dinlərinin, o cümlədən, iudaizm, xristianlıq, islam, hinduizm, buddizm və konfutsiçiliyin prizmasından geniş təhlil olunur.
Alim kitabın ilk səhifələrindən öz oxucu elektoratını qarşıya qoyulmuş problemin tarixi dərinliyinə dəvət edərək yazır: “Uca Yaradanın ilk mesajından – Beş kitabdan sonra cinayət və cəza institutu dəyişməyə başladı”. Bu xəbərdarlıq təsadüfi xarakter daşımır. Müəllif bununla öz oxucularına onları kitabda hansı intellektual dərinliyə çəkdiyini qabaqcadan hiss etdirməyə çalışıb. Cinayət hüququnun dini əsaslarının formalaşması barədə ətraflı məlumatdan sonra, müəllif daha bir zəruri cəhəti də ayrıca qeyd edərək yazır: “Din cinayət və cəzanın fəlsəfi məsələlərini elmdən, xüsusilə də fəlsəfədən fərqli olaraq özünəməxsus şəkildə izah etməyə çalışır”. Həmin “özünəməxsusluqlar” kitabdakı müxtəlif fəsillərdə obyektiv və dərin elmi təhlillər ilə əsaslandırılıb. Kitabın ilk fəsli “İudaizm: Cinayət– Günah–Cəza–Əvəzçıxma” adlanır. Burada bəşəriyyət tarixinin ilk kitab dini İudaizm təsadüfən birinci sıraya qoyulmayıb. Görünür, Osvalt Şpinkler “Həyat-tarixlə, bilikdə-təbiətlə bağlıdır” fikrində yanılmamışdır. Akademik İlham Rəhimovun orjinal tədqiqatında istifadə etdiyi zəngin elmi, ədəbi materiallar əsasında “Tövratın bir dini-kulturoloji fakt kimi hüquq elmində və İlahiyyatdakı yeri” dəqiq arqumentləşdirilib və izah edilib. Məsələn, müəllif tanınmış alimlərdən V.G.Bespalkonun fikrinə istinad edərək yazır: “Tövrat nəinki uzaq keçmişdə zəngin hüquqi və tarixi material anbarıdır, həm də uzun müddət geniş xalq kütlələlərinin hüquq mədəniyyətini, onların hakimiyyətə və qanunlara, cinayətlərə və cəzalara münasibətini formalaşdıracaq bir Kitabdır.”
Bundan sonra Peyğəmbər Musanın Qanunu ilə Şərq cinayət məcəllələrinin geniş əlaqələri, bağlantıları ətraflı şərh edilib. Cinayət və cəza institutlarına, yəni cinayət qanunvericiliyinə gəlincə, müəllif onun inkişaf tarixini mərhələlərə bölərək ətraflı təhlil edir. Bu mənada, induizmdə cinayət və cəza institutlarının “mərhələli” təhlili çox diqqətəlayiq interpretasya üsulu olaraq seçilib. Məsələn, patriarxlar dövrü (e.ə. XVI–XV əsrlər) – Birinci mərhələ; çıxış dövrü (e.ə.XIII əsr) – İkinci mərhələ; hakimlər dövrü (e.ə. XII–XI əsrlər) – Üçüncü mərhələ; çarlar dövrü (e.ə. XI–VI əsrlər)- Dördüncü mərhələ; nəhayət, Babil əsri və sürgündən sonrakı dövr (e.ə. VI–IV əsrlər) – Beşinci mərhələ olaraq təsnif olunub. Dinlərin inkişaf tarixində bu məsələlərə belə mərhələli yanaşma günümüzün bir sıra problemlərinin də daha ədalətli həllində aktualdır. Xüsusilə, “Şərq böhranı” kimi problemin ədalətli həlli bu coğrafiyada qədim dinlərin cinayət və cəza institutlarına, yəni cinayət qanunvericiliyinə daha diqqətli yanaşma tələb edir. Odur ki, professor İlham Rəhimov Peyğəmbər Musanı hüquq fəlsəfəsi tarixində ilk məşhur filosof hesab edən görkəmli hüquqşünas P.Barenboymun fikrini genişləndirərək yazır: “Əhdi-Ətiqin ilk beş kitabı – yəhudilik, xristianlıq və islam hüquq sistemlərinin bütün ən mühüm postulat və normalarının qaynaqlandığı hüquq fəlsəfəsinin başlanğıcıdır”. Beləliklə, müəllif də bu polemik düşüncələrində çox doğru və haqlı nəticəyə gəlir: “Nəticə etibarı ilə, P.D.Barenboymun iddia etdiyi kimi, cinayət hüququ fəlsəfəsi “Beş kitab” ilə başlayır və Musa peyğəmbər tarixə məlum olan ilk hüquq filosofu və buna görə də cinayət hüququnun filosofudur”.
Həqiqətən, əgər Sokrat siyasi fəlsəfənin banisi sayılırsa, onda nədən e.ə. VI əsrdə köçürücülər tərəfindən sonuncu tamamlama işləri aparılmış “Əhdi-Ətiq”i – Beş kitabı qorunan Musa peyğəmbər hüquq fəlsəfəsinin atası sayılmasın?” Əsərdə bu cür problematik suallar az deyil. Əminəm ki, bu sual və cavablar kitab ictimaiyyətimizin fikri inkişafında xüsusi rol oynayacaq. Hüquq sahəsini və onun tarixini e.ə. IV əsrdən, yəni deduktiv məntiqi əməliyyatların yunan Aristoteldən başlayan düşüncə qanunları ilə əsla məhdudlaşdırmaq olmaz. Qədim yunan filosofunun deduktiv məntiqini dünya və bəşər idrakı çoxdan aşıb keçmişdir. Akademik də, görünür, bu maraqlı və orijinal araşdırma mövzusuna xeyli polemik yanaşıb. Bu münasibət həm müəllifin, həm də kitabın uğurlu tərəflərindən biridir. “Dünya dinlərində cinayət və cəza” kitabı müasir dövrümüzdə qlobal hadisələrə münasibətdə geopolitik gərginliyin artdığı şəraitdə qələmə alınmışdır. Daimi oxucuları və dostları olaraq biz İlham Rəhimovdan tarixə, dinə və hüquqa məhz belə polemik yanaşmanı gözləyirdik. Kitabda dünya dinlərindən Xristianlıq və İslama da xüsusi yanaşılaraq onların müasir dövrlə müqayisədə düzgün başa düşülməmiş bəzi ehkamları və hökmləri hüquq və ədalət prizmasından ətraflı təhlil edilib. Dini yalnız ədəbiyyatçıların və teoloqların məqsədli mövqeyindən yanaşaraq izah etmək, əlbəttə, yanlışdır. Odur ki, akademik İlham Rəhimovun yeni yanaşma tərzi təqdirəlayiqdir. Tirajı az olan bu qiymətli kitaba geniş oxucu marağı, böyük diqqət yönələcəyinə şübhə ola bilməz. Müəllifə yeni yaradıcılıq uğuru və elmi fəaliyyətində növbəti nailiyyətlər arzulayırıq! İlham Rəhimov ismi bizim qalib ölkəmiz və xalqımız üçün həmişə ehtiramla səslənib.
Xüsusilə, böyük tarixi hadisələrlə dolu olan müasir çağımızda ülviyyət və məhəbbətimizin ifadəsi üçün “Dünya dinlərində cinayət və cəza” kitabı humanist bir çağırışdır. Sonda kiçik bir xatırlamamı da oxucularla bölüşmək istərdik: Bu uğurlu əsərin müəllifi hələ 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşların möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə Rusiya Fedrasiyasının 2-ci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunmuşdur. O ilk azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür. Bu xidmətləri ona öz müzəffər Vətənində, müstəqil Azərbaycan Respublikasında və onun qədirşünas xalqında böyük hörmət, ehtiram və məhəbbət doğurmuşdur. Ünlü alimimiz İlham Rəhimovu 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət”ordeni ilə təltif edib.
“Dünya dinlərində cinayət və cəza” kitabı bizim sülhsevər, ədalətsevər xalqımızın və haqq dünyamızın dərin tarixi qatlarına nüfuz etməyimiz yolunda mənəvi çıraqdır. Bu kitab ölməz şairimiz Nizami Gəncəvi ilə başlamış “Xeyir və Şər” dialoqumuzu davam etdirdiyimizə əyani sübutdur. Bu əsər, eyni zamanda, bizim müzəffər xalqımızı Avropa hüquq məkanında qısqanclıqla görənlərə qarşı vaxtında verilmiş tutarlı bir cavabdır.
Dilafət HACIYEV, hüquqşünas