Məhəmməd Peyğəmbər ermənilərə məktub "YAZIB"
    • 14-10-2024, 03:00
    • 941

Məhəmməd Peyğəmbər ermənilərə məktub "YAZIB"


Təqdim etdiyimiz fotoda göstərilən sənədi ermənilər sosial mediada və qəzetlərində, saytlarında və hətta ciddi konfranslarda paylaşıb iddia edirlər ki, guya bu, Məhəmməd peyğəmbərin (s) Qüds şəhərində olan erməni patriarxlığına yazdığı məktub və ermənilərlə bağlı sərəncamıdır. Erməni alimlərin iddiasına görə, 626-cı ildə Qüds patriarxı Apraam 40 nəfərlə birgə Məkkəyə gəlmiş, peyğəmbərlə (s) görüşmüş və islamın yayılması üçün öz köməyini təklif etmişdir.

News24.az axar.az-a istinadən bildirir ki, görüşün sonunda da peyğəmbər (s) onlarla bağlı belə sərəncam vermişdir:

“Dünyada yeganə torpaqları və inancları əlindən alınmayacaq olan xalq erməni xalqıdır. Mən, Abdullahın oğlu, peyğəmbər və Allahın qulu olan Məhəmməd, patriarx Apraama hörmət edirəm. Mən, Məhəmməd peyğəmbər, Allahın şahidliyi və ətrafımdakı 30 nəfərlə birlikdə Qüdsün hər yerində olan erməni kilsələrini, harada olmalarından asılı olmayaraq, toxunulmaz elan edirəm. Bütün bunları peyğəmbər olaraq öz adımdan və müsəlman möminlərimin adından bəyan edirəm”.

İndi isə gəlin bu yalanı ifşa edək: Soldakı fotonu ermənilər paylaşır, sağdakı foto isə əslidir. Hiss edilir ki, erməni fotomontajçıları yaxşı işləyiblər. Eyni zamanda bu sənədi tərsinə qoyaraq paylaşırlar ki, onu oxumaq çətin olsun.

Reallıqda isə bu sərəncam Qüdsün xilaskarı sayılan Səlahəddin Əyyubinin məktubu və sərəncamıdır. Sağdakı, orijinal fotoda bunu asanca görmək olar. Bu sərəncam Qüdsdə xristian məbədlərinə zərər verilməməsi ilə bağlıdır və ermənilərə aidiyyəti yoxdur.

Bu saxta foto Kanadanın Monreal şəhərində yaşayan Qarbis Harboyan tərəfindən Livanın Beyrut şəhərindəki erməni qəzeti “Aztaq”da 2002-ci ildə dərc edilib. Müəllif yazıda Dikran Sayalanians tərəfindən 1931-ci ildə Yerusəlim Erməni Patriarxlığı tərəfindən nəşr edilmiş ikicildlik, 1385 səhifəlik “Qüds tarixi” kitabına istinad edir. Bu Dikran 30-cu illərdə onu məqalə kimi dərc edib və 1979-cu ildə Amerikadakı erməni qəzetləri təkrar onu yayıblar. Dikran Sayalaniansa istinad edən Harboyan yenidən onu 2002-ci ildə gündəmə gətirib.

Mən bu kitabı axtardım, onun orijinal nüsxəsini onlayn formada tapa bilmədim. Bununla bağlı kitabın olma ehtimalı olan bir neçə kitabxanaya yazdım və mənə verilən cavablarda kitabda belə bir “faktın” olmadığını bildirdilər.

Məktubuma verilən cavabların surətlərini də təqdim edirəm.


Cavablardan biri:

“Belə bir fərmanın olması ehtimalı çox azdır. Əgər hər hansı bir “sarımtıl nüsxə” varsa, bu, çox güman ki, Osmanlı və ya Abbasilər dövrünün saxtakarlığıdır. Məhəmmədin məktubları və fərmanları ilə bağlı Osmanlı dövrünün başqa məşhur saxtakarlıqları da olmuşdur”.

“Məhəmməd peyğəmbər (s) heç oxumağı və yazmağı bacarmırdı. Onun fərman verməsinin mümkün olduğunu düşünmürəm.

Bu, yazı müəllifinin özünün siyasi gündəmi olması daha realdır: Türkiyə və Azərbaycanın islam dünyasında yaydığı anti-erməni təbliğatına qarşı çıxmaq”.

Məncə, bu cavablar erməni yalanını üzə çıxarmaq üçün kifayət edər.

Və ən əsası, bunlar peyğəmbərimizi (s) bu yazı ilə rasist və irqçi kimi təqdim etməyə cəhd edirlər. Axı peyğəmbər Qurana zidd danışa bilməyəcəyinə görə onun irqi, dini ayrı-seçkilik salması mümkün deyil. Peyğəmbər rasizmə heç vaxt yol verməz, bir milləti digərindən üstün, yaxud aşağı tuta bilməzdi. Peyğəmbərin hansısa milləti “xüsusi himayəyə götürməsi” dinin özünə belə zidd idi. Elə Qurandan irəli gələn əsas tələb də budur: “Üstünlük ancaq və ancaq Allah qarşısında əməllərinlə ölçülür”.

Demək, buradan aydın olur ki, ermənilər bunu islam dünyasının özünə bir təhqir olduğunu bilərək, yaxud bilmədən yazıb paylaşırlar.

Erməni alimi Papazyan guya Məhəmməd peyğəmbərin adından yazılmış məktublar barədə qeyd edir:

“Sənədin mətni təhrif edilib və bir çox qrammatik və orfoqrafik səhvlərlə yazılıb, eyni sənədin Matenadaranda saxlanılan başqa bir nüsxəsi də eyni savadsız və dəyişkən əlyazma ilə yazılıb. Bu sənədlərin yüzlərlə nüsxələri Ermənistanda və Türkiyədə sıx məskunlaşmış erməni mərkəzlərində yayılıb”.

Məhəmməd peyğəmbər (s) Qüds ermənilərinə heç vaxt məktub göndərməmişdir. Əgər belə olsaydı, islam mənbələrində bu məsələyə toxunulardı..

Son olaraq qeyd edim ki, islam peyğəmbərinə (s) belə “hörmət” edirdilərsə, ermənilər Ağdam, Şuşa və digər işğal edilən torpaqlarda məscidləri dağıtmaz, orda donuz saxlamaz, qəbirləri dağıtmaz, dini abidələri yerlə-yeksan etməzdilər.