Bölgənin yeni xəritəsi cızılır
    • 17-10-2024, 00:13
    • 287

Bölgənin yeni xəritəsi cızılır

İsrailin Qəzza və Livana hücumlarının arxasında duran ən mühüm məqsədlərindən biri Aralıq dənizində yeganə güc olmaqdır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu türkiyəli analitik, professor Beril Tuğrul deyib.

Onun sözlərinə görə, İsrailin “Vəd edilmiş torpaqlar” iddiasının əsrlər sonra yenidən gündəmə gəlməsi təsadüfi deyil:

“Bu xəritənin bir ucunun Nil deltasından (Afrika) başladığını və İraqa qədər uzandığını görürük. Biz daha çox hadisənin quru tərəfinə baxırıq. Təkcə İsrailin torpaq işğallarına diqqət etsək, bizi dənizdə gözləyən təhlükəni qaçırmış olarıq. İsrail dənizdən Türkiyəyə təhlükə yaradır və bu təhlükə günbəgün artır. Aralıq dənizindəki bu durum davam edərsə, yeni münaqişə zonalarının yaranması qaçılmazdır. Kiprdə yunanları, Egeydə Yunanıstanı yanlarına alıb bizi daha böyük miqyasda narahat edəcəklər. Mavi Vətən (dənizlər) doktrinası bu baxımdan vacibdir, hamımız bu yaxınlaşan fəlakəti görməliyik”.

Beril Tuğrulun fikrincə, cərəyan edən hadisələr təkcə İsrail yox, həm də qlobal aktorların hesablamaları əsasında baş verir. Professor bu kontekstdə Kiprdə bəzi gözlənilməz gəlişmələrin ola biləcəyinə diqqət çəkib.

“İsrail tətiyi çəkib, region geridönməz bir yola qədəm qoyub. Süveyş kanalı və Hörmüz boğazı da daxil olmaqla qlobal ticarət və iqtisadi dəhlizlərin bu yeni vəziyyətdən təsirlənməsi qaçılmazdır”, - Tuğrul vurğulayıb.

Siyasi ekspert Göktuğ Şahin də İsrailin əsas hədəflərindən birinin Aralıq dənizi olduğunu düşünür:

“Quru ərazlərini anladıq, Aralıq dənizi mərkəzli İsrail ambisiyalarını da düzgün oxumalıyıq. Qolan, İdlib, Hələb və Latakiyanı (Suriya) bilirik, amma İsrail dənizdə də təhlükələr yaradır. İsrail bir tərəfdən Aralıq dənizinin bütün zəngin enerji yataqlarını ələ keçirərkən, digər yandan Samandağdan (Hatay vilayəti) qonşumuza çevrilmək yolundadır. Eyni təhlükə Kiprə də aiddir və eyni dərəcədə yaxındır. Təhdidi yalnız quru əsaslı olaraq görməməliyik”.

Prezident Rəcəb Tayyib Ərdoğan bundan öncə Yaxın Şərqdəki müharibələrin Türkiyəyə yaxınlaşdığını söyləyib. Ölkə lideri bu duruma qarşı hazırlıq gördüklərini bildirib.