Ermənistan niyə hələ də “qaşınır”? - SENSASİON SƏBƏB
    • 17-10-2024, 00:30
    • 689

Ermənistan niyə hələ də “qaşınır”? - SENSASİON SƏBƏB

İki gün öncə Ermənistan XIN-i Azərbaycanla sülh prosesinə zərbə vuran növbəti təxribatçı bəyanat yaymışdı. Bununla öz aləmlərində rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı haqlı tələbinə guya cavab vermişdilər. Bəyanatın məğzi bu idi ki, 10 noyabr (2020) üçtərəfli sənədinə bütöv baxmaq lazımdır, çünki orda 9-cu bəndlə (Zəngəzur məsələsi) yanaşı, başqa müddəa-öhdəliklər də var.

Bəli, var (idi). Məsələn, 4-cü bənddə deyilirdi ki, Rusiya sülhməramlı qüvvələri erməni hərbi birləşmələrinin ərazimizdən çıxarılmasına paralel şəkildə yerləşdirilir. Ruslar yerləşdi, erməni qanunsuz silahlı dəstələri torpaqlarımızdan çıxarıldımı?

Xeyr. 3 il ərzində bu, nümayişkaranə şəkildə edilmədi. Ona görə ki, Ermənistan hətta 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən və kapitulyasiya sənədindən sonra da Azərbaycan ərazisində ikinci “erməni dövləti” qurmaq planlarından əl çəkməmişdi. Uzağa getməyək, ötən il sentyabrın 2-də baş nazir Nikol Paşinyanın Qarabağdakı xunta rejiminin cinayətkar rəhbərliyini qondarma “müstəqillik günü” münasibətilə təbrik etməsini yada salmaq kifayətdir...

Sonrası məlum: antiterror əməliyyatına əl atmalı olduq və erməni separatizminin kökünü kəsdik. Amma ona qədər rəsmi Bakı Qarabağdakı erməni əhaliyə başqa etnik azlıqlar kimi Azərbaycan Konstitusiyası çərçivəsində dinc-təhlükəsiz yaşamağa dəfələrlə çağırış etmişdi. Hətta əli soydaşlarımızın qanına batmamış ermənilərə böyük amnistiya vəd olunurdu.

İmtina etdilər. Həmişəki kimi göylə getdilər. Çox istədilər, nəticədə yenə azdan da oldular. Görəsən Azərbaycan dövləti xalqımıza böyük müsibətlər yaşatmış bir ovucluq separatçı zümrə üçün, Qarabağda erməni varlığı üçün bundan artıq nə etməli idi? Öz suverenliyi və ərazi bütövlüyündən keçməli idi? Özünə hörmət edən hansı dövlət buna gedər?..

Yaxud İrəvanın Bakıya qarşı hər tərəfə eni 5 km olmaqla, rus sülhməramlıların yerləşdiyi “Laçın dəhlizi” ittihamı (3-cü bənd).

Əvvəla, özlərini “dəvəquşu” yerinə qoysalar da, həmin dəhlizdən hansı məqsədlər üçün istifadə olunduğunu bütün dünya gördü: silah-sursatdan tutmuş, minalara və canlı hərbi qüvvələrə kimi ərazimizə hər şey daşındı. Suverenliyimiz, sərhədlərimiz, qanunlarımız heçə sayıldı. Yəni Laçın yolu humanitar dəhliz olaraq yox, faktiki ərazimizdə separatizmi əbədi eləməkdən ötrü istifadə olunan bir hərbi-strateji arteriya, “nəfəslik” qismində istifadə olunmaqda idi...

İkincisi, “Laçın dəhlizi” 5 illiyə nəzərsə tutulmuşdu. 2025-də Azərbaycan razılıq verməsəydi (verməyəcəkdi də), orada nə sülhməramlı olacaqdı, nə də hansısa dəhliz.

Zəngəzur dəhlizi ilə bağlı isə müddət yoxdur, nəzərdə tutulmayıb. Bu da beynəlxalq hüquqa uyğundur. Çünki Ermənistanın ərazimizdə Azərbaycan torpaqları ilə əhatə olunmuş anklavı mövcud deyil, “dqr” sadəcə, oyuncaq qurum idi. Naxçıvan isə varlığına üstəlik, Qars müqaviləsi ilə zəmanət verilən (ona Ermənistan da imza alıb) legitim anklav, daha dəqiqi eksklavdır. Odur ki, erməni tərəfi yetər beynəlxalq ictimaiyyətə nağıllar danışdı...

Gerçək həm də budur ki, kapitulyant ölkənin hakimiyyəti də daxil, bütün siyasi qüvvələri və cəmiyyəti aşağı-yuxarı hələ də revanşist planlardan əl çəkməyiblər. “Bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar. Xarici havadarlarına güvənərək və sürətlə silahlanma fonunda getdikcə qalib Azərbaycana köhnə şərtləri sırımağa cəhd edilər. ATƏT-in üzdəniraq Minsk Qrupunu təzədən diriltməyə çalışır, konstitusiyalarından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq, yəni qonşuların ərazi bütövlüyünü rəsmən tanımaq istəmirlər.

Demək, Bakının tədbirli və adekvat davranması tamamilə yerində və məntiqli...

Bu mənada sabiq xarici işlər naziri Tofiq Zülfaqarov da haqlıdır deyəndə ki: “Ermənistanın havadarlarının strateji planları var. Onlar istəyirlər ki, hansısa (yarımçıq, formal – Z.S.) sənədin imzalanmasına nail olsunlar və bu sənədi münaqişənin bitməsi, sərhədlərin müəyyənləşməsi kimi qələmə versinlər. Ardınca həmin havadarlar konflikti “Qarabağ ermənilərinin hüquqları” müstəvisinə keçirəcəklər. Təbii ki, Azərbaycan bunu yaxşı bilir. İlham Əliyev çıxışında bu istiqamətdəki təhlükələri açıq şəkildə söylədi. Azərbaycan bu ssenariyə qarşı öz siyasi iradəsini ortaya qoyur və buna imkan verilməyəcək”.

Necə deyərlər, əlavə şərhə lüzum qalmır...