-
- 17-10-2024, 01:00
- 5 021
Bakıya 200 minlik “şəhər” gəlir
Xəbər verdiyimiz kimi, COP29-la əlaqədar olaraq paytaxt Bakıda yollarda sıxlığın azaldılması məqsədilə 11-22 noyabr tarixləri arasında bir sıra məhdudiyyətlər tətbiq ediləcək.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu müddətdə orta məktəblərin tətilə buraxılması, ali məktəblərin isə onlayn qaydada tədrisə davam etməsi barədə qərar qəbul edilib. Həmçinin dövlət və özəl qurumlarda əməkdaşların bir hissəsinin məsafədən fəaliyyət göstərəcəyi gözlənilir.
COP29 zamanı medianın fəaliyyəti də önəmlidir. Ona görə də maraqlıdır: media həmin günlərdə necə işləyəcək?
“Yeni Müsavat” Media Qrupunun Baş direktoru Ələsgər Süleymanov bildirib ki, təmsil etdiyi media qurum ofisdən işləmək niyyətindədir:
“Məsafədən işləmək imkanı olan təşkilatlar, qurumlar ola bilsin işçilərin ofisə gəlməməsi ilə bağlı qərar qəbul etsin. Amma bunun mediaya aid olacağını düşünmürəm. Əvvəla medianın işçilərinin sayı elə də çox deyil ki, problem yaratsın. İkincisi də ölkədə çox önəmli tədbir keçirilir, media nümayəndələri bu tədbirdə öz işinin başında olmalı, tədbirin işıqlandırılmasında bilavasitə iştirak eləməlidir”.
Oxu.az saytının baş redaktoru Ülvi Səfərov hələ bu barədə müzakirə aparmadıqlarını və qərar vermədiklərini bildirib.
Globalinfo.az saytının baş redaktoru Aqşin Evrən isə deyib ki, iş qaydası COP29-un miqyasının hansı səviyyədə genişlənəcəyindən asılı olacaq:
“Əgər şəhərdə ictimai nəqliyyat və sıxlıq ofisə gəlib çatmağımıza ciddi maneələr yaratsa, onlayn iş rejiminə keçmək məcburiyyətində qala bilərik. Yolda itirilən 1-2 saatı evdən işləyərək faydalılığı artırmaq olar. Nəzərə alaq ki, ölkəyə 80 min qonağın gələcəyi gözlənilir. Bir o qədər də insan onlara xidmət üçün səfərbər olacaq. Deməli, noyabrda daha bir şəhər Bakıya “daxil olacaq”. Belə olan məqamda nəqliyyatın vəziyyətini indidən təsəvvür etmək olur. İstənilən halda media olaraq COP29-u bütün təfərrüat və detalları ilə işıqlandıracağıq. Noyabrın 11-dən 22-dək dünya Bakı vaxtı ilə yaşayacaq”.