Cüdo üzrə yeniyetmələr və gənclər arasında birincilik keçirilib - FOTO
    • 24-06-2019, 11:36
    • 832

Cüdo üzrə yeniyetmələr və gənclər arasında birincilik keçirilib - FOTO

Аzərbаycаn Pоlisinin peşə bayramı münasibətilə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə açıq birinciliklər keçirilir.

Bu sırada iyunun 22-də cüdo üzrə yeniyetmələr və gənclər arasında birincilik keçirilib. Birincilikdə müxtəlif yaş qruplarında və çəki dərəcələri üzrə 100-ə yaxın idmançı öz gücünü sınayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan Polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.

DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zakir Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.

Mükafatlandırma mərasimində çıxış edən İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.